Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Cəfərov Təbriz İlqar oğlunun doğum günüdür. O, 1995-ci il iyulun 14-də Bərdə rayonunda dünyaya göz açıb. Əslən keçmiş Ağdərə rayonunun Kərəmli kəndindəndir. Təbriz orta təhsilini Bərdə şəhərində Kəlbəcər köçkün məktəbində alıb. 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il avqust ayının 19-dan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Elə həmin döyüşlərdə də itkin düşüb. Uzun müddət nəşi tapılmayıb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Nəhayət 2021-ci il aprelin 6-da igid əsgərin nəşi tapılaraq Bərdə Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnəndəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD