“Biz müsahibələrimizi başladığımız andan etibarən 12 min nəfərdən çox könüllünü proseslərə cəlb elədik”.
Bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi Qrupunun direktoru, Atif Qəmbərov İctimai Televiziyaya açıqlamasında bildirib.
O, qeyd edib ki, könüllülər müsahibələrdə iştirak elədilər: “Qeydiyyatdan keçən könüllülərin 10 mindən çoxu xanımlar, 6 mindən çoxu isə bəylərdi. 88 faiz müsabiqədə iştirak edən şəxş tələbə, digərləri isə qeyri-tələbələrdi”.
Bu günədək 10 minə yaxın namizəd müsahibə mərhələsindən uğurla keçib. Hazırda bu mərhələ davam edir. Onlar növbəti mərhələdə təlimlərə cəlb olunacaqlar. Həmin təlimlərə isə avqust ayında start veriləcək. 6 mindən çox namizədin ümumi təlimlərə cəlb olunması nəzərdə tutulub:
“Ümumi təlimlərimiz bitəndən sonra biz onlara iş təklifləri göndərəcəyik və iş təkliflərindən sonra isə biz rol təlimlərinə başlayacağıq. Rol təlimlərini uğurla yekunlaşdıran bütün könüllülərimiz uniforma və akreditasiyalarını aldıqdan sonra COP29 Əməliyyat Şirkətində könüllü olaraq fəaliyyət göstərəcəklər. Biz könüllülərimizin həm seçim mərhələsində, həm təlimlər mərhələsində maksimum dərəcədə çalışırıq ki, iqlim dəyişmələri ilə bağlı, ekoloji layihələrlə bağlı məlumatlı olsunlar”,- deyə Atif Qəmbərov vurğulayıb.
Qeyd edək ki, könüllülər proqramı COP tarixində ilk dəfədir həyata keçirdir. Könüllülər proqramından əlavə, COP29 akademiya layihəsinin iştirakçıları isə sentyabr ayından uyğun olduqları departamentlərə təyin edildikdən sonra müvafiq əməkhaqqı ilə təmin ediləcəklər.
Hazırladı: Tahirə AĞAMİRZƏ