Beş il öncə bu gün Tovuz döyüşləri zamanı Azərbaycan xalqı məhz həmin sarsıdıcı xəbərlə silkələndi. General və polkovnik şəhid olmuşdu. Bu artıq son demək idi. Uzun illərdir göstərilən səbrin, humanistliyin, sülh yolu ilə həllin sonu idi. Polad Həşimovun və İlqar Mirzəyevin şəhadətləri Bakıda, Sumqayıtda - ölkənin dörd bir yanında əli silah tutan hər kəsi ayaqlandırmışdı. Xalq öz zabitlərini adınalayiq şəkildə qarşılamaq üçün küçələrə axışmışdı. O zamana qədər Polad Həşimovu silahdaşları və əsgərlərindən başqa kimsə tanımırdı. Lakin xalqımız bir şeyi dəqiq bilirdi: ön cəbhədə əsgərləri ilə çiyin-çiyinə döyüşən zabitin, generalın Vətənə olan sevgisi, layiqli xidməti sorğulana bilməzdi. Hər şey gün kimi aydın idi. Polad Həşimov öndə gedən, əsgərlərini öz arxası ilə aparan və son nəfəsinə qədər Vətənə sədaqət andına sadiq qalan bir general idi. Öz generalını və polkovnikini dərin ehtiramla son mənzillərinə yolçu edən minlərlə azərbaycanlının gözlərində həm kədər, həm də elə bir zabitlərə sahib olmağın qüruru var idi.
Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olundular.
Məhz bundan sonra Polad Həşimov haqqında onu tanıyanların təəssüratları, xatirələri sürətlə yayılmağa başladı. Silahdaşlarının, əsgərlərinin dilindən bir cümlə düşmürdü: "Heyif, sizdən, cənab general, siz mərd, qeyrətli, vətənpərvər zabit idiniz". Bəli, general-mayor Polad Həşimov 45 illik həyatının ən gözəl çağlarını Vətənə şərəfli xidmətə həsr etmiş səngər generalı idi. Onun əsilzadəliyi, zəhmi, tələbkarlığı ilə paralel yüksək insani keyfiyyətləri silahdaşları və əsgərlərinin yaddaşında dərin iz buraxmışdı. Fotolarında təbəssüm edən simasındakı nur hər şeydən xəbər verirdi: səmimi, mərhəmətli və xeyirxah bir insan obrazı... Odur ki, Polad Həşimovu tanıyan-tanımayan hər kəs dərin hüzn içərisində idi. Ən çox da onu zamanında tanıyıb xidmətlərinə görə minnətdarlıq ifadə edə bilmədiyi üçün...
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhadəti xalqın oyanışı oldu desək, yanılmarıq. Xalq öz yüksək rütbəli zabitlərinin və onlarla birlikdə savaşda şəhadətə qovuşan hərbi qulluqçularının qisasını səngərdə, döyüş meydanında almaq üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə səslənərək döyüşmək istədiyini və "İrəli" əmrini gözlədiyini bildirdi. Minlərlə gənc hərbi komissarlıqlara axışaraq ön cəbhəyə getmək üçün adlarını siyahıya yazdırdı. Hər şey hazır idi, bircə Ali Baş Komandandan gələn "İrəli" əmri qalmışdı... Həmin əmr çox gecikmədi. Cəmi iki ay sonra, yəni sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına qarşılıq olaraq Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu cəmi 44 günə düşmənin dizini yerə gətirdi. Qələbədə pay sahibi olan hər bir döyüşçü həm qəhrəman zabitlərinin qisasını aldı, həm də onların missiyasını uğurla yerinə yetirdi. Tarixi Zəfəri bayram edən Azərbaycan xalqı müjdəni vermək üçün Şəhidlər xiyabanlarına axışaraq şəhidlərin, xüsusilə də general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət etdi. Polad Həşimovun izi ilə gedən cəsur oğulların onun son tapşırığını layiqincə yerinə yetirdiklərini generalın məzarı başında məruzə etmələri isə ən təsirli səhnələrdən idi...
2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror əməliyyatları zamanı isə cəmi 23 saat 43 dəqiqəyə Konstitusiya quruluşumuz və suverenliyimiz tam bərpa olundu. Beləliklə, general-mayor Polad Həşimov öz şəhadəti ilə bir xalqın taleyində böyük dəyişikliklərə imza atan yüksəkrütbəli zabit kimi tarixə düşdü.
Prezident İlham Əliyev də Azərbaycan Ordusunun ön cəbhədə qəhrəmancasına şəhid olan yüksəkrütbəli zabitlərinin fəaliyyətini layiqincə qiymətləndirdi. Məhz Şanlı Zəfərin ardından Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldülər.
Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin yaşadıqları mənzillərin ziyarətçilərinin ardı-arası kəsilmir. Yaşından asılı olmayaraq, hər kəs şəhid zabitlərin əmanətlərinə baş çəkir, onların ailə üzvləri ilə həmsöhbət olur, qəhrəmanlarını daha yaxından tanımağa çalışır. Qədirbilən Azərbaycan xalqı öz şəhid zabitlərinin məzarını müqəddəs ziyarət məkanına çevirərək, hər an onların əziz xatirəsini yad edir və həm sağ ikən, həm də şəhadətindən sonrakı xidmətlərinə görə minnətdarlığını bildirir.
Şəhadətin mübarək, cənab general! Şəhadətin mübarək, cənab polkovnik! (AZƏRTAC)