11.07.2025, 15:02
AZ EN
11.07.2025, 10:52 222

Oğlumun adını Rəşid qoyacam...

XƏBƏRLƏR
  • Rəşid savadlı bir uşaq idi, ancaq imkansızlıqdan ailədə onu kollecə yönəltmişdilər. Rəşid könüllü yollandığı Vətən müharibəsində də sadiqliyi, gözəl yoldaşlığı ilə özünə böyük hörmət qazanmışdı. Onun məzarı üstündə danışan döyüş yoldaşı deyir ki, Rəşidlə imkan düşəndə söhbət edirdik. Rəşid sağ qalsa gələcəkdə övladına hansısa döyüş yoldaşının adını qoymaq istədiyini dedi. Mən isə ona oğlumun adını Rəşid qoyacağımı demişdim...

Bu gün Şanlı Vətənə Müharibəsinin qəhrəman şəhidi Nəsrullayev Rəşid Qəzənfər oğlunun doğum günüdür. O,  11 iyul 1993-cü ildə Qəbələ rayonunun Nic kəndində anadan olub. 1999-2010-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbində təhsil alıb. Rəşid Nəsrullayev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. 2013-cü ildə hərbi xidmətdən tərxis olunub.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlayanda Rəşid Nəsrullayev də səfərbər olub, hərbi təlim toplantılarına çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan Rəşid Nəsrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. O, Suqovuşan və Talış kəndi istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub.

Rəşid Nəsrullayev 3 noyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rəşid Nəsrullayev ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə medalı" və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər