01.08.2025, 20:16
AZ EN
04.07.2025, 10:00 224

Bu gün şəhid Tural Qubatovun doğum günüdür

XƏBƏRLƏR
  • Turalın atası deyir ki, oğlu müddətdən artıq hərbi xidmətçi kimi həmlə taborunda ön cəbhədə döyüşürdü. Alxanlı istiqamətindən başlayan əks-hücum zamanı pulemyotçu olaraq düşmənə qarşı mərdliklə vuruşub. O və hərbçi yoldaşları 30 illik erməni səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra Tural və döyüşçü yoldaşları Cəbrayıl istiqamətində düşmənə qarşı mərdliklə vuruşublar. Sentyabrın 28-də gərgin döyüşlərdən birində Tural qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.

Şəhidin bibisi Füruzət Qubatova bildirir ki, Tural hələ uşaq yaşlarından seçilən bir oğul idi. Mərdliyi, qorxmazlığı ilə yaşıdlarından fərqlənirdi. Cəbhə bölgəsinə yaxın yaşadığımız üçün hər zaman deyərdi ki, biz o torpaqları azad edəcəyik, düşməni doğma torpaqlarımızdan çıxaracağıq. Tural canını Vətən uğrunda fəda etdi...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Qubatov Tural Firəddin oğlunun doğum günüdür. O, 1998-ci il iyulun 4-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Şəhid Ehtiram Piriyev adına 1 saylı Böyük Bəhmənli kənd orta məktəbində təhsil alan Tural hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilib. Gələcəkdə hərbçi olmağı arzu edən Tural 2016-cı ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. 2018-ci ildə xidmətini bitirib, 2020-ci ilin iyul ayından könüllü olaraq yenidən ordu sıralarında xidmətə başlayıb. Vətən müharibəsinin ilk günündən ön cəbhədə qanlı döyüşlərə qoşulan Tural cəbhənin yarılmasında xüsusi şücaəti ilə seçilib.

Tural Qubatov 2020-ci il sentyabrın 28-də Füzuli rayonu uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Döyüşlərdə göstərdiyi şücaətə görə Tural Qubatov ölümündən sonra “Vətən uğrunda“, "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər