Tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev açıb. O, tədbir iştirakçılarını salamlayaraq əsərlərini milli yaddaşımızın oyanışına həsr etmiş professor Cəlal Qasımovun bütün nəsillərə örnək ola biləcək şəxsiyyət olduğunu vurğulayıb. Sonra Folklor studiyasının hazırladığı “Alim ömrünün işığında” filmi nümayiş olunub.
Filmin nümayişindən sonra söz AMEA Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimliyə verilib. Akademik professor Cəlal Qasımovu təkrarsız bir şəxsiyyət adlandırıb. O, filmin məhz “Heydər Əliyev İli”ndə çəkilib göstərilməsinin çox böyük simvol olduğunu qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin silahdaşlarından olan, onun azərbaycançılıq ideyasını daşıyıb inkişaf etdirən, bu ideyaya böyük elmi əsərlər həsr edən bir alim haqqında filmin çəkilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı Seymur Şeydayev, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylı, Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd də çıxış edərək dəyərli alim, təvazökar və xeyirxah insan Cəlal Qasımovla bağlı xatirələrini bölüşüb, ona Allahdan rəhmət diləyiblər.
Sonra çıxış üçün söz AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanova verilib. Akademik bildirib ki, professor Cəlal Qasımov öz güclü şəxsiyyətini yazısına gətirən, üsluba, əqidəyə, konsepsiyaya çevirə bilən nadir tədqiqatçılardandır. Cəlal Qasımovun qələmindən çıxan, böyük vətəndaşlıq yanğısının məhsulu olan elmi əsərlər zaman keçdikcə dəyərini artıracaq, onun elmi irsi həmişə yaşayacaq.
Tədbirin sonunda professor Cəlal Qasımovun oğlu Fuad Qasımov çıxış edərək AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, filmin layihə rəhbəri, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanova, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyevə, filmin ssenari müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovaya, Folklor studiyasının bütün əməkdaşlarına və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.