2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinə Yasamal Hərbi Komissarlığı tərəfindən cagırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Şahin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılıb. Şahin Ağayev oktyabrın 25-də Qubadlıda şəhid olub.
Şəhidimiz İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şahin Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,"Cəbrayılın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Tezliklə nişanlanacağını düşünən Şahinin sevdiyi qızı qardaşı Mehman da tanıyırdı. Bilirdi ki, həmin qız ali məktəbi bitirdikdən sonra Bakıda ancaq Şahinə görə qalıb. Nigarla Şahin ailə həyatı quracaqları günü gözləyirldilər...
Şahin vətənini ürəkdən sevən bir gənc kimi Tovuzda ermənilərin sərhəddəki postlarımıza hücum etməsini, Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun şəhid olmasını özünə bağışlaya bilmirdi. Könüllü cəbhəyə getməkdən söz düşəndə özündən 4 yaş kiçik qardaşının ona “Sən mənə həmişə ata əvəzi olmusan, müharibə başlasa mən gedəcəyəm” fikrinə Şahin etiraz edərək bildirib ki, böyük qardaş olan yerdə, kiçik qardaş savaşa getməz...
Anası Qətibə xanım Azərbaycanın ərazi bütövlüyü uğrunda savaş gününü səbrsizliklə gözləyən oğlu barədə belə deyir: “Allah elə bil ki, Şahini şəhid olmağa hazırlamışdı...”
Müharibəyə qatıldığı ilk gündən Şahinin yalnız bir arzusu olub: təki yaralanmasın, yoxsa müharibədən sonra sevib-seçdiyi pilot peşəsinə davam edə bilməzdi. Hətta şəhid olmağı yaralanmaqdan və əlil olmaqdan üstün bilib. Ölüm təhlükəsi isə hər gün, hər saat, anbaan artırdı. Şahin Ağayev sanitar-kəşfiyyatçı kimi həmlə qrupunun tərkibində Füzulidə, Cəbrayılda, Hadrudda həm döyüşmüşdü, həm də yaralı əsgərlərə qulluq etmişdi...
24 oktyabrda Qubadlı istiqamətində qızğın döyüşlər gedirdi. Müharibə əsgər və zabitlərin daxili potensialını, Vətən, torpaq, yurd, dövlət qarşısında vətəndaşlıq borcunu sınağa çəkmişdi. Özünü bu sınağa çoxdan hazırlayan Şahin də yüzlərlə igidimizlə çiyin-çiyinə vuruşaraq Vətən tarixinin şanlı səhifələrini yazmaqda davam edirdi. Vətən sevgisi hər gün əsgərlərimizi irəli aparırdı. Düşmən geri çəkilirdi. Oktyabrın 24-də Şahin növbəti dəfə yaralı əsgərə tibbi yardım göstərərkən yaxınlığa düşən raketin partlaması nəticəsində 20-dən çox silahdaşı ilə birlikdə şəhid oldu.
İkinci Fəxri xiyabanda dəfn mərasimində iştirak edənlər, Şuşa zəfərindən sonra ailə üzvlərinə başsağlığına gələn silahdaşları Şahinin müharibədəki şücaətlərindən danışıblar.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD