Onun şəhid xəbərini eşidəndə çox sarsıldım. Torpaqları müharibəsiz ala bilməzdik. Müharibə də qurbansız olmur, bilirəm. Amma xəstələndim, depressiv hala düşdüm. Qardaşım Rəşid Birinci Qarabağ savaşının şəhididir. Onda bu qədər əzab çəkmədim. Yoxluğunu hiss edirdim, amma fəxr edirdim, "Qardaşım qəhrəmandır" deyə fərəhlənirdim. 10-cu sinifdə oxuyurdum. Bəlkə yeniyetmə idim, ona görə. Müslümün itkisini çox ağrılı yaşadım, övladımı itirdim elə bil. Bilirəm, Müslüm kimi oğullar olmasa biz hələ də şagird gündəliklərindəki qara tarixləri öyrədirdik böyüyən nəslə. Məhz Müslüm kimi oğullar bizi qara tarixlərdən xilas etdilər.
Xəzər rayonundakı 218 nömrəli məktəb Bahar müəllimənin qardaşı Rəşid Baxışovun adını daşıyır. Bahar müəllimə hazırda 121 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləsə də, məzunlarını unutmur. Müslümün ailəsi ilə də əlaqə saxlayır. Oxuduğu sinif indi Müslüm Vəliyevin adını daşıyır...
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Müslüm Vəliağa oğlu Vəliyevin doğum günüdür. O, 3 iyul 2001-ci ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Bakı şəhəri, “Şimal DRES” qəsəbəsindəki A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziyada alıb. Yoldaşları arasında səmimiliyi, mehribanlığı ilə seçilib və hamı tərəfindən sevilib. Hələ uşaqlıqdan hərbçi olmaq istəyib. 15 yaşı olanda sənədlərini C. Naxçıvanski adına Hərbi Liseyə verib. Lakin səhhətində olan müəyyən problemə görə qəbul edilməyib. 2019-cu ildə hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Müslüm Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Müslüm Vəliyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. O, 28 sentyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla Qala qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Müslüm Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Müslüm balamız!
Mina RƏŞİD