Bu barədə rayonun Həsənriz kəndinə köçürülən sakin Almaz Həşimova danışıb.
O, illər sonra doğulub-böyüdüyü kəndə dönəcəyi üçün çox həyəcanlı olduğunu bildirib:
“Torpaqlarımız işğal altında olduğu dönəmdə yenidən doğma Həsənrizə qayıdacağımıza ümid və inamımızı heç vaxt itirmədik. Budur, artıq kəndimizə gedirik. Ötən illər ərzində kəndimizin mənzərəsini, saf-təmiz havasını unutmadım.
Əşyalarımızı axşamdan toplayaraq yola çıxacağımız saatı gözləyirdik. İndi çox həyəcanlıyam, Həsənrizə tez çatmaq üçün səbirsizlənirəm. İnanın, hər saat mənə bir il qədər uzun gəlir.
Vətən torpaqlarının azadlığı uğrunda canından keçərək bizlərə sevinc yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, dövlətimizin daim qüdrətli, bayrağımızın hər zaman uca olması üçün dualar edirik”. (Report)