22.11.2024, 07:02
AZ EN
23.08.2024, 11:35 296

Polad əsgər - Xəyal Ağaməmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Xəyal adı dillər əzbəri olan Milli qəhrəman, şəhid, general-mayor Polad Həşimovun komandirlik etdiyi hərbi hissədə xidmət edib. O, ilk günlərdən çevik və qorxmazlığı ilə yoldaşlarından fərqlənərək kəşfiyyat bölüyünə cəlb edilib. Ona hərbi hissədə bəziləri “Polad Həşimovun əsgəri”, bəziləri isə sadəcə “polad əsgər” deyirdilər. Xəyal ona yaraşan bu adlara ömrü boyu layiq olmağa çalışdı. O, canından çox sevdiyi komandiri Polad Həşimovun qisasını almaq üçün könüllü olaraq Vətən müharibəsinə qoşuldu. Xəyal Füzulidən Şuşaya qədər döyüş yolu keçdi, iki dəfə yaralansa da geri dönmədi. Hətta Şuşada polad əsgər kimi düşmənlə əlbəyaxa döyüşdü...

Xəyal Salam oğlu Ağaməmmədov 1992-ci il avqustun 23-də Hacıqabul rayonunun Kolanı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Xəyal Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun komandiri olduğu hərbi hissədə xidmət etməyə başlayıb. Vətənə xidmətinin ilk günlərindən ayıq-sayıqlığı, cəsarəti və qorxmazlığı ilə hər kəsin diqqətini cəlb edən Xəyal kəşfiyyat bölüyünə cəlb edilib. Onu xidmət etdiyi hərbi hissədə “Polad Həşimovun əsgəri”, yaxud da “polad əsgər” çağırırmışlar.

Xəyal həqiqi hərbi xidmətini başa vurduqdan sonra mülki həyatda müxtəlif sahələrdə çalışıb.

2020-ci ilin iyul ayında erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi təxribatlar və terror hadisəsi zamanı Polad Həşimovun və onunla birlikdə bir neçə hərbi qulluqçumuzun şəhid olmasından təsirlənən Xəyal Ağaməmmədov könüllü olaraq Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək Orduya yazılıb.

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Ağaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində  Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi döyüşlərə qatılıb.

Xəyalın döyüş yolu Füzulidən başlayıb, Cəbrayıl və Zəngilandan keçərək Şuşada əlbəyaxa döyüşlər zamanı süngü bıçaqdan boğazından aldığı iki ağır zərbə ilə şəhadətə qovuşmasıyla sona çatıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidimiz ailəli idi, onun iki qız övladı Vətənə yadigardır.

Cənnətdəki doğum günün mübarək, məzarn nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR