Bu gün qəhrəman şəhidimiz Xankişiyev Elşən Elşad oğlunun doğum günüdür. O, 23 iyun 2000-ci ildə Neftçala şəhərində anadan olub. 2006-2011-ci illərdə Neftçala şəhər M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada ilk orta təhsilini alıb. Ailə vəziyyəti ilə əlaqədar 2011-2015-ci illərdə Neftçala şəhər Humanitar təmayüllü “Muğan” liseyində orta təhsilini davam etdirib. 2015-2017-ci illərdə Neftçala Peşə məktəbinə daxil olub və çilingər ixtisasına yiyələnib. 2018-ci ilin iyul ayında Neftçala rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra Neftçala rayonunun Yenikənd kəndində yerləşən “Azerbaijan Fish Farm” MMC-də çalışıb.
Elşən Xankişiyev 21 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən təlimlərə cəlb olunub. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sənəcamlarına əsasən Elşən Xankişiyev "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Elşən Xankişiyev 2022-ci ildə Komando Dağ Təlim Mərkəzində “Komando başlanğıc kursu”nu müvəffəqiyyətlə bitirib və Komando Təlim Kursunun döş nişanına layiq görülüb.
2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatlarına qatılan Elşən Xankişiyev vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz 21 sentyabr 2023-cü ildə Neftçala şəhər Mərkəzi qəbristanlığında Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid Xankişiyev Elşən Elşad oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elşən balamız!
Mina RƏŞİD