02.08.2025, 06:52
AZ EN
02.06.2025, 12:05 242

22 yaşlı qəhrəman...

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Əbdülrza Şəmməd oğlu Rəfibəylinin doğum günüdür. O, 2 iyun 1998-ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub. 2004-2015-ci illərdə N.Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmət edib. Hərbi təlimlərdə döyüş vərdişlərinə yiyələnərək topçu ixtisası üzrə təcrübə qazanmışdı.

2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Tovuz istiqamətində başlanan döyüşlərdə general Polad Həşimovun şəhid olmasından sonra Azərbaycanın vətənpərvər gənclərindən biri kimi Əbdülrza da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə cəbhəyə könüllü getmək üçün müraciət etmişdi. Sentyabrın 21-dən hərbi təlimlərə qatılmışdı. Sentyabrın 27-dən başlanan Vətən müharibəsində Qubadlının, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib.

 Oktyabrın 23-də Əbdülrza Rəfibəyli Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasna şəhadətə ucalıb. Şəhidimizin nəşi düz  40 gündən sonra tapılıb.

Vətənin igid oğlu Ə.Rəfibəyli dekabrın 4-də Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra Ə.Rəfibəyli “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif olunub.

Hazırda 57 saylı məktəbin sinif otaqlarından biri şəhid Əbdülrza Rəfibəylinin adını daşıyır. Şəhidin atası əslən Masallının Boradigah qəsəbəsindən olan Şəmməd Rəfiyev Bakı şəhərində dünyaya gələn üçüncü oğluna - şəhidimizə İkinci Dünya müharibəsinin iştirakçısı olmuş atası Əbdülrzanın adını qoydu. Hitler faşizmi üzərində qələbədə Azərbaycan əsgəri kimi payı olan baba Ədülrza Böyük Vətən Müaharibəsi adlanan o qanlı-qadalı döyüşlərdə üç dəfə yaralanmışdı. 1988-ci ildə yaşadığı Boradigah qəsəbəsində dünyasını dəyişən babasının adının işığında boya-başa çatan nəvə Əbdülrzanın da taleyinə erməni faşistləri ilə döyüşmək yazılmışdı. Ancaq erməni faşistləri Odlar yurdumuzun dilbər güşəsi Qarabağı işğal edəndə Əbdülrza Rəfibəyli kimi Vətən uğrunda canından keçən oğullar hələ dünyaya göz açmamışdılar. Atasının dediyinə görə, boyca ailədə hamıdan uca olan Əbdülün (əzizləri onu belə çağırardılar) Vətən sevgisi də hamıdan çox hiss olunurdu. Kiçik qardaşının üstün keyfiyyətlərindən danışan Şahin Rəfibəyli deyir ki, xarakter baxımdan Əbdülrza ilə çox fərqlı olublar. “Mən bir az qaşqabaqlıyam, Əbdül isə çox deyib-gülən, xoşxasiyyət və mehriban idi. Sözündən dönməzdi... Varı bölmək olur, amma yoxu bölmək çətindir. Əbdül yoxu bölməyi bacaranlardan idi. Məncə, elə bu üstün keyfiyyətlərinə görə də o, ən ali məqama yüksəldi...”
Döyüşlərin ilk günündən könüllü əsgər kimi səngərdə olsa da, anası Səkinə xanımın narahatlığını nəzərə alıb hansı cəbhədə olduğundan bir kəlmə də danışmazdı. Danışanda da həmişə anasına təsəlli verərdi. Bibisi Tehran xanım Ramazanova da Əbdülrzanın səmimiyyətindən, Vətənə sədaqətindən söz açır: “Övladım yox idi, mən Əbdülü özümə övlad götürmüşdüm...” Uşaq çağlarından idmanın ən populyar növü olan futbola böyük marağı olan Əbdülrzanın çoxlu dost-tanışı vardı. Həyatında könül verdiyi qız da olub. Çox ailəcanlı idi, atası Şəmməd kişi xəstələnəndə günlərlə onun qulluğunda durub... Oktyabrın 21 - də evə zəng edəndə erməni faşistləri ilə sona qədər döyşəcəyini bildirən Əbdülrza deyib: “Atamın iki oğlu var, şəhid olsam ağlamayın, başınızı dik tutun!” Bu, Vətən müharibəsinin 22 yaşlı qəhərəmanının doğmaları ilə son telefon danışığı idi... Düşmənin məhv edilməsi və Qubadlıda, Füzulidə, Xocavənddə ərazilərimizin işğaldan azad olunmasında şücaət göstətərən Əbdülrza Rəfibəyli topçu olmasına baxmayaraq həmişə öndə vuruşmağa can atırdı. Növbəti hərbi əməliyyatların birində arzusuna çatdı və könüllu olaraq həmlə bölüyünə qoşuldu. 23 oktyabr 2020 -ci ildə Xocavənd -Şuşa ətrafında döyüşlər zamanı ön cəbhədə adını Vətən tarixinə əbədi yazaraq şəhadətə yüksəldi...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

 Mina RƏŞİD

Oxşar xəbərlər