Belə ki, təkcə Gəncə şəhərinə oktyabr ayında 5 dəfə ayrı-ayrı zamanlarda raket zərbələri endirdi. Onlardan ən dəhşətliləri 11 və 17 oktyabr tarixlərində baş verdi. Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi ilə çoxlu sayda dinc sakinimiz qətlə yetirildi. Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak oldu, 29-u uşaq olmaqla, ümumilikdə 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Azərbaycana qarşı hər zaman düşmənçilik siyasəti yürüdən nankor qonşularımızın törətdiyi faciələri unutmaq həmin fəlakətləri bir daha yaşamaq deməkdir. Ona görə də, düşmənin bizə yaşatdıqları müsibətləri unutmamaq üçün faciələrimizə abidə qoyulmalı, qan yaddaşımızı həmişə oyaq saxlamalıyıq. Elə bu məqsədlə də, 44 günlük Vətən müharibəsi zamanı baş vermiş faciə nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizin başçısı İlham Əliyev tərəfindən tapşırıqlar verilib və ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla Gəncə Memorial Kompleksi layihələndirilib. Kompleksin təməli Prezident İlham Əliyev tərəfindən qoyulub.
Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Kompleks unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir.
Memorial abidə 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilmiş, hədisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir. Həmçinin muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb.
Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, Gəncə hadisələrinin işıqlandırılmasında xüsusi rol oynayacaq. Bununla yanaşı, muzey binasından başqa raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.
Burada şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş park da layihələndirilib.
Ərazidə həmçinin, 3 ədəd giriş tağları, 1 ədəd fəvvarə, mühəndis qurğuları olan 1 ədəd qazanxana, 1 ədəd transformator yarımstansiyası, 1 ədəd yeraltı nasosxana, 2 ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası planlaşdırılır.
Kompleksin ərazisində yeni layihələndirilən bina və qurğuların tikinti sahəsi 3 140.2 m² m², bütün yerüstü mərtəbələrinin sahəsi 3 542.2, konservasiya olunan binaların sahəsi 2 965.9 m² təşkil edir. Ərazidə yerləşən mövcud abidə 18.2 m² tikinti sahəsini əhatə edir.
Hazırladı: Mina RƏŞİD