01.08.2025, 14:55
AZ EN
06.05.2025, 09:24 258

Məhəmmədəli dünya çempionu idi...

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Məhəmmədəli Elxan oğlu İsmayıllının doğum günüdür.

O, 6 may 1996-cı ildə Füzulinin Yuxarı Kürdmahmudlu kəndində anadan olub. 2002-ci ildə Ramil Əkbərov adına Füzuli rayon Kürdmahmudlu kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilib. Uşaqlıqdan idmana olan xüsusi həvəsi və qeyri-adi fiziki gücü hesabına o, bir çox yarışların qalibi olub. Belə ki, Məhəmmədəli 2007-ci ildə Bakı şəhərində keçirilən karate üzrə Azərbaycan çempionatında III yerə, Füzuli rayonunda keçirilən klublararası açıq çempionatda I yerə, 2008-ci ildə karate üzrə Bakı şəhər açıq çempionatında I yerə, 2009-cu ildə Bakı şəhərində keçirilən karate üzrə açıq çempionatda I yerə, 2011-ci ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə I yerə çıxıb. Qeyd edək ki, Gürcüstanda keçirilən turnirdə yarımfinal mərhələsində o, erməni idmançını nokautla məğlub edib.

Bu yarışdan sonra Məhəmmədəli həmin il Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərini məğlub edərək “Dünya çempionu” adına layiq görülüb, Azərbaycanın dövlət himnini səsləndirib. Yarışdan qayıdandan sonra o, Azərbaycan Respublikasının İdman naziri, Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülüb və Karate üzrə 1-ci və 2-ci danla təltif olunub.

Məhəmmədəli 2013-cü ildə Ramil Əkbərov adına Kürdmahmudlu kənd tam orta məktəbinin 11-ci sinifini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi Dəniz Qoşunlarında xidmət etdiyi dövrdə nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunub və baş matros rütbəsi ilə qiymətləndirilib.

2017-ci ilin noyabrın 7-də Rabitə və İnformasiyalar Nazirliyində işə qəbul edilib və mühafizə leytenantı kimi fəaliyyətə başlayıb. İşlədiyi dövrdə rəhbərliyin və iş yoldaşlarının hörmətini qazanıb. Lakin vətənə, torpağa olan sevgisi və onun ata yurdunun erməni quldurlarının əlində olması Məhəmmədəlini çox narahat edirdi. Elə ona görə də, hərbçi olmaq qərarına gəlir. Bunun üçün xüsusi kurs keçir və N saylı hərbi hissədə xidmət qulluqçusu kimi Vətənə xidmətə başlayır. İşlədiyi müddətdə bütün şəxsi heyətin hörmətini qazanır. Yaxşı işlədiyinə görə mükafatlar alır.

İşğalçı düşmənə qarşı 2-ci Qarabağ müharibəsi başlandığı gündən ön cəbhəyə gedir. Hərbi tibb maşını idarə edən Məhəmmədəli gecəni gündüzə qatıb 300-ə qədər yaralı əsgəri döyüş meydanından çıxarır. Dəfələrlə əlində silah əsgərlərlə birgə döyüşlərə atılıb, cəsurluq göstərib.

2020-ci il 26 oktyabrda Füzuli rayonu Qaraməmmədli kənd ərazisində minalanmış ərazidə əsgərlərimizin yaralandığını eşidən Məhəmmədəli deyir ki, yaralı qardaşlarımın orada qalmasına imkan vermərəm. Yaralı əsgərimizi götürüb ilkin yardım üçün tibb məntəqəsinə çatdırır. Yenidən döyüş meydanına qayıdır, yaralı əsgərlərimizi apararkən maşın tank əleyhinə minaya düşür. Məhəmmədəli qəhrəmancasına şəhadətə ucalır.

Vətənin igid oğlu Məhəmmədəli İsmayıllı şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər