Gənclər arasında proqramda iştirak etmək üçün artan maraq layihənin ictimai əhəmiyyətini bir daha təsdiqləyir
Bu sözləri Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyatın elan olunması ilə bağlı keçirilən mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq “Qayıdış Könüllüləri” Proqramı formalaşdırılıb: “Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir”.
“Bu proses son dövrlərdə daha da sürətlənib. Həm təşkilati baxımdan, həm də gənclərin könüllülük fəaliyyətinə marağı baxımından proqram yeni mərhələyə qədəm qoyur. Gənclər arasında proqramda iştirak etmək üçün artan maraq layihənin davamlılığını və ictimai əhəmiyyətini bir daha təsdiqləyir. “Qayıdış Könüllüləri” təkcə könüllü proqramı deyil, eyni zamanda, Azərbaycanın azad olunmuş ərazilərində həyatın yenidən bərpası, gənclərin vətənə bağlılığının gücləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir platformaya çevrilib”, - deyə Y.Vəliyev əlavə edib. (AZƏRTAC)