20.10.2024, 12:29
AZ EN
26.09.2022, 15:40 326

Atam ad günündə evinə qayıtdı

XƏBƏRLƏR
  • İctimai TV-nin “Sabahın Xeyir Azərbaycan”! verilişinin qonağı Ağalı kənd sakini Gülüş Səmədli doğma Ağalı kəndində jurnalistin suallarını cavablandırarkən deyib:

-ASAN xidmətdə hüquqşünas işləyirdim. Zəngilan işğaldan azad olunandan sonra hamı mənə bir sual verirdi ki, yəni siz ora gedəcəksiniz?

Həqiqətən mən bu sualı özümə təhqir kimi bilirdim.Hətta o sualı mənə verən adam nə qədər əzizim olsa da məndə aqresivlik yaranırdı ona qarşı. Deyirdim ki, bu nə sualdır verirsiniz, əlbəttə ki, gedəcəm, orada yaşayacam.

Gülüş deyib ki, mənim bura gəlişimin  bir neçə təsadüfi var. Bəlkə də o təsadüflərin özü də mənə  bir işarə idi. Belə ki, atam 1993-cü il oktyabrın 30-u Zəngilandan çıxan ən axırıncı adam olub,  mühasirədə qalıb, soyuq və yağışlı gündə Araz çayını keçərək  gəlib. Atamın 21 yaşı olub o zaman. Mən 28 ildən  sonra 21 yaşımda  Zəngilana qayıtdım.

Gülüş Səmədli söhbət əsnasında torpaqları işğal olunandan sonra Bakıya köçüb burada müvəqqəti məskunlaşmalarından və 29 il  qoruyub saxladıqları samovardan da söz açıb: “29 il bu samovar bizim evin bir guşəsində idi, həsrətlə baxırdı atam, hər dəfə ona baxanda ah çəkirdi. Dəfələrlə təkid eləsək də ki, samovarı işlədək, atam buna razılıq vermədi. Sanki ümidi vardı ki, bir gün bu samovarı öz doğma evinə qaytaracaq”.

Atası Zaur Səmədov isə 30 il əvvəl yadigar qalan əl quyusundan, üzüm tağlarından və həyətlərindəki quyunun yaranma tarixindən söhbət açaraq deyib ki,  hardasa bu quyunun 45 yaşı olar. Hətta bu quyunun suyundan kənd camaatı da gəlib istifadə edirdi, quyussu olan da gəlib bu quyunun suyundan aparırdı. Hardasa 28 metr dərinlikdən çıxır. Gülüşün atası sonra əlavə edib ki, ömrün gözəl çağlarını burada yaşaya bilmədik. Torpağımız işğal olunanda 21 yaşım vardı. Tale elə gətirdi ki, mən 21 yaşımda burda çıxdım, 28 ildən sonra adgünümdə öz doğma evimə qayıtdım. Kaş digər doğmalarımız da torpağımızın düşmən işğalından azad olunduğunu görəydi... Şükürlər olsun ki, biz indi burada, öz doğma ata-baba yurdumuzda, öz evimizdəyik.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Onların sayəsində biz uzun illərdən sonra bu torpaqlara qayıda bildik. Biz çox xoşbəxtik.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər