Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Beyrək Seyfulla oğlu Fezullayevin doğum günüdür. O, 30 aprel 1997-ci ildə Oğuz rayonu, Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olub. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində təhsilini davam etdirib və 2014-cü ildə bitirib.
Beyrək Fezullayev 2015-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kursları uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq çətin kursları da uğurla başa vurub və "qırmızı beret" sertifikatını qazanıb.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00, 03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, Beyrək 30-a yaxın erməni döyüşçüsünü məhv edib, onların bir neçəsini süngü-bıçaq ilə öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi.
Beyrək Fezullayev 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz 5 oktyabr 2020-ci ildə Oğuz rayonu, Baş Daşağıl kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Beyrək Fezullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD