Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elçin Ələkbər oğlu Əliyevin doğum günüdür. O, 15 yanvar 1997-ci ildə Neftçala rayonunun Mikayıllı kəndində anadan olub. 2002-ci ildə kənd məktəbində 1-ci sinifə daxil olub. 2015-ci ildə hərbi xidmətə yollanıb. Tərtər rayonunda Vətənə xidmət edib. Elçin 2016-ci ildə baş vermiş Aprel döyüşlərində iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. O, Füzuli, Qubadlı və Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.
Elçin Əliyev oktyabrın 21-də Qubadlının “Sınıq körpü” adlı ərazisində gedən döyüşdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz oktyabrın 23-də doğulduğu Neftçala rayonunda böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elçin balamız!
Mina RƏŞİD