Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Səbuhi Ağalətif oğlu Məcidovun doğum günüdür. O, 28 aprel 2002-ci ildə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə Səmidxan Əzizov adına Abşeron rayon Aşağı Güzdək qəsəbə tam orta məktəbində təhsil alıb. Səbuhi Məcidov 2020-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Hərbi Komissarlığının çağırışına əsasən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun baş atıcı kimi əsgəri olan Səbuhi Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb.
İgid əsgər Səbuhi Məcidov Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərərək 29 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla Abşeron rayonunda Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Səbuhi Məcidov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Səbuhi balamız!
Mina RƏŞİD