16.09.2024, 23:15
AZ EN
04.11.2023, 09:00 216

Bu gün şəhid Sərxan Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan müddətdən artıq hərbi qulluqçu, şəhid Sərxan Elxan oğlu Məmmədovun doğum günüdür.

O, 1993-cü il noyabrın 4-də Yevlax rayonunun Nemətabad kəndində dünyaya gəlib. Şəhid H. Əhmədov adına orta məktəbi bitirib. Uşaqlıqdan idmana böyük həvəsi olan Sərxan karate üzrə bir sıra nəaliyyətlər qazanıb. 2012-ci ildə hərbi xidmətə yollanıb və Daxili qoşunlarda qulluq edib. Hərbi xidmətini layiqincə başa vurduqdan sonra müxtəlif işlərdə çalışıb, ailə qurub. 2020-ci ildə MAXE kimi yenidən ordu sıralarında Vətənə xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Sərxan Məmmədov döyüşlərə qatılıb. Onun döyüş yolu Talış-Suqovuşan istiqamətindən başlayıb. Oktyabrın 19-da elə həmin istiqamətdə gedən qızğın döyüşərdə qəhrəmancasına şəhadətə ucalıb. Nəşi bir neçə gün neytral zonada qaldıqdan sonra ailəsinə təhvil verilib.

Şəhidimiz Sərxan Məmmədov 2020-ci il oktyabrın 27-də Yevlax şəhərində böyük izdihamla Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidimizin bir qız övladı Vətənə yadigardır.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Sərxan Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Anası oğlu haqqında qürurla danışır. Deyir ki, Sərxan düz 17 gün ağır döyüşlərdə qəhrəmancasına vuruşub, yaralı yoldaşlarına kömək edib, ona verilən tapşırıqların öhdəsindən layiqincə gəlib.

Həyat yoldaşı da Sərxandan fəxrlə danışır. Onun gözündə bir damcı da qorxu yox idi, söyləyir. Həmişə şəhidlərdən danışırdı və Şəhidlər Xiyabanını ziyarət edərdi...

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər