Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqanurovun qardaşı Rantik Aqarunov jurnalistlərə açıqlamasında söyləyib.
Qardaşı onunla bağlı xatirələrini bölüşərək Albertin nə qədər dəyərli və açıqürəkli bir insan olduğunu belə ifadə edib: “Bu gün doğum günündə biz onu böyük ehtiram və dərin hüzünlə yad edirik. Albert haqqında danışmaq həm qürurverici, həm də kövrək duyğularla doludur. Çünki o, hər zaman açıqürəkli, mərd və əsl vətənpərvər bir insan olub. O, doğma torpağını, xalqını ürəkdən sevirdi və bu sevgi onun hər bir hərəkətində, davranışında, baxışında hiss olunurdu”.
Rantik Aqarunov keçmiş günləri xatırlayaraq əlavə edib: “Albert ailəmizin ən kiçik üzvü olub. Amma yaşca kiçik olmasına baxmayaraq ailədə hər kəs ona böyük hörmət və sevgi ilə yanaşırdı. O, daim pozitiv düşünməyə, ümidli olmağa və ətrafındakıları güclü olmağa ruhlandıran bir insan idi. O, bizim üçün sadəcə bir qardaş deyil, ailəmizin və Vətənimizin qürurudur. Albert heç vaxt şikayət etməzdi. Allah ona və bütün şəhidlərimizə rəhmət etsin”. (AZƏRTAC)