22.06.2025, 03:48
AZ EN
16.04.2025, 16:18 278

Milli qəhrəmana həsr edilmiş daha bir kitab təqdim edildi

XƏBƏRLƏR
  • Yaxın günlərdə Yazıçılar Birliyində “Polad ömrü” adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi AYB və AJB-nin üzvü, Prezident mükafatçısı   Səkinə Turabqızıdır. Qeyd edək ki, Səkinə xanım Vətəndən uzaqda yaşasa da ürəyi Azərbaycanla döyünür. Bunu onun kitablarının elə sadəcə adlarından da (“Xocalı ağrısı”, “Əsir Xocalı”, “Xocalı iztirabı”) hiss etmək olur.

“Polad ömrü” adlı bu kitaba şəhidimiz general-mayor Polad Həşimovun həyat və döyüş yoluna həsr edilmiş poema daxil edilib. Kitabın redaktoru tanınmış yazıçı, şair Səhər Əhməd müəllif haqqında yazır ki, Səkinə Turabqızı müraciət etdiyi bu mvzuya çox yaxın, çox doğmadır. Biz müəllifi sanki hadisələrin içində görürük. Onun Səmayə ana ilə söhbətləri poemada çox canlı şəkildə verilib. Müəllifin ürək ağrıları, qürur hissi, vətənpərvərlik duyğusu sanki sətirlərin arasından boylanır. İnanıram ki, bu kitab Milli qəhrəmanımızın ruhuna layiq olan bir əsər kimi oxucular tərəfindən çox seviləcək.

…Xatirəsi bizimlədi,

Ruhu bizimlə.

O Şuşada, Kəlbəcərdə,

Cıdır düzündə.

O bizimlə bir sevinir,

Bizimlə gülür,

Bax, qələbə sevincini

bizimlə bölür.

Bizi göydən seyr eləyir

Çöhrəsində nur,

Gözündə rahatlıq vardır,

Üzündə qürur.

Görür, odlar diyarında

Nə çal-çağırdı,

Görür oğullar doğulur

Polad adında.

Səkinə Turabqızı kitabında yazır: “Xalq olaraq təsəllimiz odur ki, şəhid generalımızın qisası alındı, torpaqlarımız artıq azaddır. İnanırıq ki, qəhrəmanımızın ruhu bu gün şaddır, çünki o ən böyük arzusuna çatıb; Qarabağ bizimdir, bizim olacaq! Xalq isə öz qəhrəmanını həmişə yaşadacaq”.

Mina RƏŞİD         

Oxşar xəbərlər