44 günlük Vətən müharibəsində adı tarixə yazılan igid oğullarımızdan biri də zabit Rəşad Quliyevdir. O, 1983-cü il sentyabrın 23-də Bakıda anadan olub. Ailədə iki bacı, bir qardaş olublar. 6 yaşı olanda atası Rəşid Quliyev dünyasını dəyişib. Vəsiyyəti isə o olub ki, Rəşad böyüyəndə hərbçi olsun. Rəşad atasının vəsiyyətini yerinə yetirib. 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2004-cü ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisası kursu”nu bitirib. Azərbaycan Ordusu sıralarında leytenant rütbəsində motoatıcı tağımın komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlib.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Rəşad Quliyev Lələtəpə yüksəkliyinin alınmasında yaxından iştirak edib. Xidmətdə fərqlənməyə görə dəfələrlə mükafatlandırılıb.
2020-ci il avqustun 3-də təqaüdə çıxmalı olsa da, öz istəyi ilə xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl qəhrəmanlıqlar göstərib.
Döyüş dostları arasında “Canavar” ləqəbi qazanan Rəşad kəşfiyyata gedəndə düşmən postlarında işarə qoyub geri qayıdırmış ki, düşmənlər onun gəldiyindən xəbərdar olsunlar.
“Təqaüdə çıxmağa hazırlaşanda sevinirdim ki, daha övladımın üzünü doyunca görəcəyəm. Nə bayramlarda, nə də ad günlərimizdə yanımızda olurdu” - deyə anası Mətanət Quliyeva nisgilini göz yaşları ilə ovudur.
Rəşad sonuncu dəfə oktyabrın 5-də ailəsi ilə danışıb, tezliklə şad xəbərlərlə onları sevindirəcəyini bildirib. Ardınca isə dostlarına zəng edərək deyib ki, tezliklə ya şəhid, ya da qəhrəman kimi qayıdacağam. “Həyəti abadlaşdırın, təmizlik aparın”.
Rəşadın sonuncu döyüşü 2020-ci il oktyabrın 7-də Cəbrayıl istiqamətində olub. Düşmən onun komandanlıq etdiyi dəstəni mina-atanlardan atəşə tutub. Komandir irəli gedərkən əsgəri ona deyib ki, komandir, göz görə-görə ölümə gedirik. Rəşadın son sözləri isə belə olub: “Mənimlə ölümə getməyə hazırsan?” O, arxadakı əsgərlərə “dağılın” əmri verib. Bu zaman yaxınlığına mərmi düşüb, yanındakı əsgər ağır yaralanıb, Rəşad Quliyev isə qəhrəmancasına şəhid olub
O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.
Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Qəhrəmanımızın iki qız övladı əmanət qalıb.
Allahdan şəhidimizə rəhmət diləyirik.
Tahirə AĞAMİRZƏ