Nazirlikdən verilən məlumata görə, aktiv məşğulluq tədbirində işsiz və işaxtaran vətəndaşlara 41 müəssisə tərəfindən 800-dək boş iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər olub. İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun müxtəlif sahələri əhatə edib.
Yarmarkada, eyni zamanda işsiz və işaxtaran şəxslərə Qarabağda iş imkanları da təklif edilib. Yarmarkaya "ArchiCO" MMC tərəfindən Şuşa şəhərində aparılacaq quruculuq işlərində iştirak üçün bənna, suvaqçı, rəngsaz, elektrik montyoru, ilməçi, fəhlə, dam ustası, karotçu kimi 105 boş iş yeri təqdim edilib.
Həmçinin əmək yarmarkasında işəgötürənlərin iş üçün müraciət edən namizədlərlə görüşməsi üçün “Müsahibə otağı” da təşkil edilib. Müsahibələrdən uğurla keçən namizədlər növbəti mərhələyə dəvət olunub.
Tədbirdə Quba-Xaçmaz Regional Məşğulluq filialı və "Macara Club Tourism, Hospitality and Management" MMC-nin birgə əməkdaşlığı ilə “ofisiant” peşəsi üzrə hazırlıq kursunun da açılışı olub. 10 nəfər işsiz şəxsin cəlb olunduğu kursun yekununda müdavimlərin işlə təmin olunması nəzərdə tutulub. Bundan başqa filial tərəfindən “bağban” peşəsi üzrə hazırlıq kursunu bitirən 25 nəfərə sertifikatlar təqdim edilib.
Əmək yarmarkasında özünüməşğulluq proqramı çərçivəsində öz kiçik təsərrüfatlarını quraraq uğur qazanmış şəxslərin istehsal etdikləri məhsulların və əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi də təşkil edilib. Həmçinin işsiz və işaxtaran şəxslərə Agentiyin fəaliyyət istiqamətləri barədə məlumat verilib, “Alo Karyera” dəstək xidmətinin və məşğulluq xidmətlərinin təkmilləşdirilməsini özündə ehtiva edən məşğulluq sahəsində yeni konsepsiyanın təqdimatı baş tutub. (Trend)