Bunu rayonun Ballıca kənd sakini Pünhan Rüstəmov deyib.
P.Rüstəmov bildirib ki, azad edilmiş ərazilərə köçürülən insanlar o torpaqların canlanması üçün daha çox çalışmalıdır:
“Bizim ailə məcburi köçkün düşdükdən sonra bir neçə yerdə yaşayıb, sonda Gəncə şəhərində məskunlaşmışdı. Bu gün 33 ildən sonra yenidən Ballıcadayıq. İnsanın özünün gördüyü, böyüdüyü yerlər haqqında təsəvvürlə heç vaxt görmədiyi o əraziləri yalnız valideynlərinin danışıqları ilə xəyalında canlandırmaq çox fərqlidir.
İşğaldan azad edilən ərazilərə qədəm basandan kəndimizə daxil olana qədər çox həyəcanlı idim. Kəndə çatanda valideynlərimin bu yerlər üçün niyə bu qədər darıxdıqlarının səbəbini anladım. Doğrudan da, gözəl məkandır. Bu gözəl yerləri görmədən sevdiyim üçün özümü xoşbəxt sayıram.
Bizə bu hissləri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Qalib əsgərimizin ayağı dəyən, şəhidlərimizin qanı hopan bu torpağın hər bir qarışı üçün daha fəal işləməli, daha məsuliyyətli olmalı və bu sevincli tarixin əbədi davam etməsinə çalışmalıyıq”. (Report)