Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Environmental Protection First" (EPF) Koalisiyasının hazırladığı Ermənistanın mineral xammal resurslarının rəqəmsal xəritəsinin təqdimatında deyib.
Onun sözlərinə görə, həmin xəritə Azərbaycan üçün ən böyük fakt və sübutdur:
"Ona görə də xəritəni ekologiya ilə əlaqədar beynəlxalq konvensiyalara da göndərə bilərik. Ermənistan özünün dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla, xarici QHT-lərlə birgə ekoloji monitorinqlər keçirmək üçün Azərbaycan QHT-lərinə şərait yaratmalıdır. Bununla bağlı qarşı tərəfin QHT-lərinə müraciət etsək də, cavab almamışıq".
Deputat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu mövzuda Azərbaycan ictimaiyyətinin, dünyanın onlarla ölkəsindən olan vətəndaş cəmiyyəti təmsilçilərinin ona ünvanlanan müraciətlərini iki ilə yaxındır cavabsız qoyub:
"Hələ də Ermənistanın dağ-mədən müəssisələri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədlərini gizlədir, ictimailəşdirməkdən imtina edir".
P.Vəliyeva ictimaiyyətə təqdim olunan interaktiv rəqəmsal xəritədə Azərbaycan xalqına məxsus milli toponimlərin olduğu kimi verilməsini, hətta yer adları ilə bağlı tarixi xəritələrə istinadları yüksək qiymətləndirib, bunun Qərbi Azərbaycan yaddaşı prizmasından da mühüm əhəmiyyətini vurğulayıb. (Report)