Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Şakir Həsənov dəhşətli günlərdə yaşadığı acı xatirələri danışıb.
“Həmin vaxt Xocalı özünümüdafiə batalyonunda bölük komandiri idim. Fevralın 25-də axşam Xocalını mühasirəyə aldılar. Saat 8-in yarısında şəhər atəşə tutulmağa başlandı. Atmadıqları mərmilər qalmadı. Uşağın, böyüyün çığırtısı, nalə səsləri hər tərəfi bürümüşdü. Gecə 1-in yarısına qədər müqavimət göstərə bildik. Heç bir kömək gəlmədi. Qüvvələr qeyri-bərabər olduğu üçün döyüşə-döyüşə geri çəkilməli olduq”.
Şakir kişi xatirələrini danışdıqca, o dəhşətli anları üzünün dəyişən ifadələrindən hiss etmək mümkün idi. “Hər tərəfdən erməni silahlıları ilə əhatə olunmuşduq. Çox çətin vəziyyətdə idik. Əhalini xilas etmək üçün Ağdam istiqamətinə hərəkət etdik. Qaraqaya yüksəkliyinə yaxın ərazidə yolu keçərkən erməni silahlıları üç tərəfdən dinc sakinlərə atəş açmağa başladı. Nə qədər ölən, yaralanan oldu. Qoca, qadın, uşaq demədən hamını qətlə yetirirdilər. Burada baş verənləri anlatmağa sözlər kifayət etmir... Xocalı sakinlərinin sağ qalmasına səbəb Ağdam camaatı oldu. Bizə çox kömək göstərdilər, şəhid də verdilər, yaralandılar da. Meyitlərin, yaralıların çıxarılmasında böyük dəstək oldular”.
Keçmiş döyüşçü deyir ki, Xocalının işğaldan azad olunmağı onların yaralarına ən böyük məlhəmdir. “Prezidentimiz sağ olsun. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Şükürlər olsun bu günə ki, Xocalımızdayıq. Allah pis günləri xalqımıza bir daha göstərməsin”. (AZƏRTAC)