F.Ağayev 6 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirib. 1989-cu ildə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətini layiqincə başa vurduqdan sonra Yevlax şəhərində əmək fəaliyyətinə başlayıb. Torpaqlarımızda erməni quldurları baş qaldıranda Faiq də silaha sarılaraq, Vətənin müdafiəsinə qalxıb. Belə ki, o, könüllü olaraq 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılıb. Elə həmin gündən də Faiq düşmənlərlə ölüm-dirim savaşına başlayıb.
1991-ci il dekabrın 23-də erməni yaraqlıları zerehli texnika ilə Xocalının Meşəli kəndinə hücuma keçir. Az sonra odun-alovun içində qalan kənd əhalisi çıxılmaz vəziyyətdə qalır. Amansız düşmənin qəflətən od vurduğu evlərdə uşaqlar, qocalar diri-diri yanırdılar. Evlərindən kənarda olanları isə düşmən amansızlıqla qətlə yetirirdi.
Elə həmin anlarda Faiqin də daxil olduğu polis alayı düşmənin üzərinə atılır. Düşmənlə gərgin bir mübarizə başlayır. Uçurulmuş evlərin birini istehkama çevirmiş Faiq sərrast atəşlə erməni yaraqlılarını yerə sərir, dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı. O, düşmən atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı ölümdən xilas edir. Faiq cəsur döyüşçü kimi döyüş mövqeyini axıradək saxlayaraq son nəfəsinə qədər vuruşur və qəhrəmancasına həlak olur.
İgid Vətən oğlu Faiq Ağayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Subay idi, doğulduğu kənddə dəfn edilib. Ruhu şad olsun.