Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, xüsusi təyinatlı Vəliyev Sadiq Ayaz oğlunun doğum günüdür. O, 2001-ci il fevralın 19-da Ağdaş rayonunun Xosrov kəndində anadan olub. Doğma kəndlərində orta məktəbi bitirib və hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun xüsusi təyinatlı MAXE əsgəri olan Sadiq Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılıb. O, Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında mərdliklə vuruşaraq şücaətlər göstərib.
Sadiq Vəliyev oktyabrın 3-də Füzuli uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla doğma Ağdaşda torpağa tapşırılıb.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Sadiq Vəliyev ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Sadiq balamız!
Mina RƏŞİD