21.05.2024, 03:53
AZ EN
05.09.2023, 10:02 229

Yaşasaydı şəhid Cavid Qarayevin 39 yaşı tamam olacaqdı

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidlərimizdən biri olan Cavid Əmirxan oğlu Qarayevin doğum günüdür. O, 1984-cü il sentyabrın 5-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1990-cı ildə Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə gedib. 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2002-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. 2004-ci ilin yanvar ayında xidmətini N-saylı hərbi hissədə başa vurub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akedemiyasına qəbul olunub. 2011-ci ildə ali təhsilini başa vurub.

Torpaqlarımızın işğalda olması Cavidi həmişə narahat edirdi. Ona görə də, o 2016-cı ildə könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətini N saylı hərbi hissədə davam etdirməyə başlayıb. Xidmət etdiyi müddətdə dəfələrlə fəxri-fərmanla təltif edilib. Nizam- intizamı ilə seçilən çavuş Cavid Qarayev manqa komandiri vəzifəsinə yüksəlib.

2020-ci sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi zamanı əks hücumlarda Cavid Qarayev öz manqası ilə ön sıralarda döyüşə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə mərdliyi və qorxmazlığı ilə seçilən Cavid əsl qəhrəman kimi döyüşərək torpaqlarımızın azad edilməsi uğrunda mərdliklə vuruşub. Bir çox strateji yüksəkliklərin azad olunmasında fəallıq göstərən Cavid Qarayev və manqası düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını zərərsizləşdirib. Oktyabr ayının 26-da Füzuli istiqamətində gedən qanlı döyüşlərdə Cavid Qaralov qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla doğma Kərimbəyli kəndində torpağa tapşırılıb.

Cavid Qarayev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğurunda", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə əmanətdir.

Anası doğma balasından danışarkən göz yaşlarını saxlaya bilmir və deyir ki, Cavid haqqında danışmaq ona çox çətindir. Amma bununla belə oğlunun gözəl amalı və Vətən uğrunda şəhid olması ilə həm də qürur duyduğunu deyir...

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!   

Mina RƏŞİD

Oxşar xəbərlər