48 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Böyük qayıdışdan danışıb. İcra başçısı eyni zamanda, şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini bildirmişdir.
Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD