15.05.2025, 18:57
AZ EN
14.02.2025, 09:00 346

Atasına layiq oğul...

XƏBƏRLƏR
  • Rövşənin doğmaları deyir ki, o çox şən, deyib-gülən, zarafatı sevən, bir sözlə, həyat dolu bir gənc idi. Öz mehribanlığı ilə hər kəslə yola getməyi bacarırdı. Həmişə çalışırdı ki, heç kimin xətrinə dəyməsin. Elə buna görə də dost-tanışları arasında hörmət qazanmışdı. Rövşən ailəsini çox sevirdi, onlara qarşı diqqətli və qayğıkeş idi. Qorxmaz, cəsarətli oğul olan Rövşən həmişə Vətən uğrunda canından belə keçməyə hazır olduğunu deyirdi. Onun vətənpərvər olmasında atasının da rolu az deyildi. Şəhidimizin atası Elşən Eynullayev də Birinci Qarabağ müharibəsi veteranıdır...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Rövşən Elşən oğlu Eynullayevin doğum günüdür. O, 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. 2006-2017-ci illərdə Ş.Heydərov adına Nərimankənd kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və 2019-cu ilin dekabr ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmətə başlayıb.

Rövşən Eynullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan 44 günlük Şanlı Vətən müharibəsində iştirak edib. Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. Belə ki, o yoldaşları ilə həmin əməliyyatlarda düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək, müxtəlif texnikasını sıradan çıxarıb.

Rövşən Eynullayev Füzuli uğrunda gedən döyüşlərdə sentyabrın 29-da qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla 29 sentyabr 2020-ci ildə doğma Nərimankənd kənd qəbirstanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Eynullayev Rövşən Elşən oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər