22.12.2024, 20:35
AZ EN
16.09.2022, 09:15 447

Ordunun ən təcrübəli gizirlərindən idi...

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsində atası ilə birlikdə könüllü olaraq Milli Qəhrəman Allahverdi Bağırovun batalyonunda döyüşən, 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanı, “Murov qartalı” polkovnik-leytenant Raquf Orucovla yaxın dost, qardaş olan və onun şəhid olduğu yeri görməyə can ataraq, 44 günlük Vətən müharibəsində özü də orada şəhidlik zirvəsinə ucalan Yasən Əhmədov qanı ilə şanlı tarix yazan oğullarımızdan biridir.

Əhmədov Yasən Yelmar oğlu 1974-cü il sentyabrın 16-da Ağdam rayonunun Kosalı kəndində anadan olub. Üç bacı bir qardaş idilər. Uşaqlıq illərini Ağdamın səfalı qoynunda keçirən Yasən 1991-ci ildə orta təhsilini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Zoomühəndislik” fakültəsinin qiyabi şöbəsinə daxil olub. Həmin ali məktəbi 1998-ci ildə bitirib.

Birinci Qarabağ müharibəsi başladığı zaman Yasən Milli Qəhrəman Allahverdi Bağırovun batalyonunda döyüşən atası Yelmar Vəli oğlunun yanında könüllü olaraq bir çox döyüşlərdə iştirak edib. 1993-cü ilin aprelində isə Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

1994-cü ilin noyabr ayından etibarən Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə Yasən Əhmədova kiçik gizir hərbi rütbəsi verilməklə N saylı hərbi hissədə motoatıcı bölüyün baş çavuşu vəzifəsinə təyin edilib. Daha sonra 1996-cı ildən 2002-ci ilə qədər kadrlar və nizami bölmənin məsul icraçısı vəzifəsində xidmət edib və həmin ildə xidmətini başa vurduqdan sonra ehtiyata bu­raxılıb. 1997-ci il yanvar ayının 13-də kiçik gizir Yasən Əhmədova gizir rütbəsi verilib.

Vətənə, hərbi sənətə olan böyük sevgisi və illərin təcrübəsinə sahib olması yenidən onu orduya qayıtmağa vadar edir. 2007-ci ildə yenidən Silahlı Qüvvələrdə xidmətini davam etdirib. Yasən Əhmədov müxtəlif hərbi hissələrdə şəxsi heyət bölməsi rəisinin köməkçisi vəzifəsində çalışıb. 2016-cı il oktyabrın 18-də gizir Yasən Əhmədova baş gizir rütbəsi verilib. Xidmət etdiyi dövrdə bir çox mükafatlara layiq görülüb.

Qeyd edək ki, müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edən baş gizir Yasən Əhmədov xidməti dövründə peşəkar və etibarlı hərbçi kimi hər kəsin rəğbətini qazanıb, dəfələrlə komandanlıq tərəfindən medal və fəxri fərmanlarla təltif olunub.

44 günlük Vətən müharibəsi başlayanda baş gizir Yasən Əhmədov ön xəttə yollanaraq ağır döyüşlərdə iştirak edib. 25 ildə qazandığı təcrübədən istifadə edərək Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib, düşmənin onlarla hərbi texnikasını sıradan çıxarıb. Eyni zamanda, yaralı hərbçilərimizi və şəhidlərimizin nəşini döyüş meydanından uzaqlaşdırıb. Oktyabrın 9-da Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə ağır yaralanan igid gizir hərbi hospitala aparılıb və 14 gün koma vəziyyətində qaldıqdan sonra oktyabrın 23-də şəhidlik məqamına yüksəlib. O, Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Ailəli idi, iki oğlu əmanət qalıb.

Yeniyetməlikdən orduda olduğu üçün hərbçilər arasında xüsusi hörmət qazanmışdı Yasən Əhmədov... O, etibarı, sədaqəti, hərbi savadı və peşəkarlığı ilə xidmət yoldaşlarının böyük rəğbətini qazanmışdı. Ona “Hərbinin arxivi” deyirmişlər. Uşaqlığından doğma Qarabağı azad, bütöv görmək istəyən vətənpərvər igidimizin döyüş yolu bu gün gənclərimizə örnəkdir.

Ağdam rayonunun 6 mindən çox şəhidinin davamçılarından olan və Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazan baş gizir Yasən Əhmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər