05.02.2025, 13:42
AZ EN
05.02.2025, 10:12 106

Şəkiyə şəhid kimi qayıdan qəhrəman...

XƏBƏRLƏR
  • Talehin anası deyir ki, övladı ilə bağlı danışmaq ona çox ağırdı. Amma  bir qəhrəman anası olduğum üçün onunla fəxr edirəm. 30 il düşmən tapdağında qalan torpaqlarımızı azad edən bütün qəhrəmanlarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edirəm və onların qarşısında baş əyirəm. Ana deyir ki, Taleh çox diribaş, cəsur oğul idi, ona görə də ondan xəbər gəlməyəndə ağlıma başqa heç nə gətirə bilmirdim. Amma dekabrın 25-də balamın şəhid xəbəri gəldi...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Daşdəmirov Taleh Fərhad oğlunun doğum günüdür. O, 5 fevral 1998-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 2001-ci ildə ailəsi Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçüb. Taleh 2004-2015-ci illərdə Binəqədi rayon Xocəsən qəsəbə 104 saylı tam orta məktəbində təhsil alıb.
Taleh Daşdəmirov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrində "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Taleh Daşdəmirov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılıb.

Azərbaycan Ordusunun əsgəri Taleh Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Taleh Daşdəmirov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin snayperdən açdığı atəş nəticəsində qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimizin mübarək nəşi uzun müddət axtarışdan sonra dekabrın 25-də tapılaraq doğma Şəki rayonunun Qoxmuq kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Taleh Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Taleh balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər