20.10.2024, 01:24
AZ EN
27.07.2023, 10:15 294

Başdaşına şəkil çəkdirib qardaşına göndərən qəhrəman

XƏBƏRLƏR
  • Onlar Vətən uğrunda bir yumruq kimi birləşdilər. Çünki Vətənin layiqli övladları idi Şəhidlər. Ölümdən qorxmurdular, təki Vətən sağ olsun, deyə irəli atılır, illərdi işğalda qalan ana torpağı qəhrəmanlıqla azad edirdilər. Daxili Qoşunların Xüsusi dəstəsində vuruşan çavuş Mirsəfa Mirbaba oğlu Mirəşrəfbəyli isə müharibədən hətta başdaşı üçün şəklini də çəkdirib qardaşına göndərmişdi. Hadrut yüksəkliyini alandan sonra atasıyla danışacağına söz versə də son dəfə ailəsi ilə danışmaq ona nəsib olmadı. Şəkli isə özü istədiyi kimi başdaşına əbədi olaraq həkk edildi...

Bu gün qəhrəman şəhidimiz Mirsəfa Mirəşrəfbəylinin doğum güünüdür. O, 1994-cü il iyulun 27-də Cəlilabadda dünyaya gəlib. 2012-2014-cü illərdə hərbi xidmətdə olub. 2016-cı ildə MAXE kimi yenidən ordu sıralarına qayıdıb. Xidməti dövründə diplom və vəfəxri-fərmanlara layiq görülüb.

Mirsəfa Mirəşrəfbəyli 2016-2020-ci illərdə Daxili Qoşunların "Pələng" Xüsusi Təyinatlı Dəstəsində, 2020-ci ildən isə "Şahin" Xüsusi Təyinatlı Dəstəsində xidmət edib.

Daxili Qoşunların çavuşu olan Mirsəfa 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ilk döyüşə Murovdağ istiqamətindəki yüksəkliklərdən başlayıb. Sonra Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

 Mirsəfa Mirəşrəfbəyli oktyabrın 11-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Cəlilabad rayonunda böyük izdihamla topağa tapşırılıb.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Mirsəfa Mirəşrəfbəyli ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə" və “Kəlbəcərin azad olunmasına görə"medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər