Ağdam sakini, Abdullayeva Təranə:
-Bura köçməmişdən əvvəl zəng vurub demişdilər ki, nə işlə məşğul olmaq istəyirsən?
Dedim ki, salonda işləyirəm burda. Orda da salonda işləmək istəyirəm. Bura gələndən sonra Məşğulluq tərəfindən məni çağırdılar və bu obyekti göstərdilər və dedilər ki, sizə avadanlıq veriləcək. Bu gün də Allaha şükür, avadanlıqları gətirdilər.
Ağdam sakini, Vəfa Əliyeva:
-Martın 29-dan Ağdam rayonunun Sarıcalı kəndində yaşayıram. Bura gələndən sonra Məşğulluğa müraciət elədim. Əvvəl Goranboy rayonunun Nadirkənd kəndində yaşayırdıq. Öz yaşadığımız yerdə fəaliyyətə başlamışam, özüm un məmulatları bişirib satırdım. Bura köçəndən sonra Məşğulluq vasitəsilə mənə avadanlıqlar verdilər. İndi burda fəaliyyətimi davam edəcəm.
Xocalı sakini, Rasim Əliyev:
-Hal-hazırda Xocalı rayonunun Ballıca kəndində yaşayıram. Mən Məşğulluq müraciət etmişdim moyka avadanlığı üzrə. Mənim bu sahə üzrə təcrübəm var, Bakıda bu sahə üzrə işləmişəm. Bu gün də istədim ki, Xocalı rayonunun Ballıca kəndində, öz doğma torpağımda, Vətənimdə fəaliyyətimi davam etdirim. Şükür, avadanlıqlar da gəlib. Hər şey qaydasındadır.
Laçın şəhəri, Laçın-Zabux və Sus kəndləri, Şuşa şəhəri, Xocalı şəhəri, Xocalının Ballıca kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Füzuli və Cəbrayıl şəhərlərində həmin şəxslərə özünəməşğulluq çərçivəsində avadanlıqlar təqdim edilib. Verilmiş avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı, qadın gözəllik salonu, kişi bərbərxanası, kiçik dərzi sexi, telefon təmiri, poliqrafiya xidmətləri, səyyar kofe evləri, aqro-truzim, broyler inqibatoru, avtomobil şillərinin bərpası və təmiri xidmətləri üzrə kiçik bizneslərini yaradıblar.
Cəbrayıl sakini, Ruhiyyə Əliyeva:
-Mən Cəbrayıla qayıtdığım üçün çox sevinirəm. Çünki mən 17 yaşımda məcburən buranı tərk etmişdim. Bura yenidən ailəmlə, həyat yoldaşım və qızımla qayıtdım. Dövlətimiz sağ olsun ki, bizi evlə təmin edib. Sonra da bizə bu cür gözəl şərait yaradılıb. Yenidən fəaliyyətə başlamağımız üçün bu, bizə bir təkandır.
Cəbrayıl sakini, Zülfiyyə Hüseynova:
-Cəbrayıl rayonundan məcburi köçkün düşəndə 7-ci sinifdə oxuyurdum. Bakı şəhərində müvəqqəti məskunlaşmışdıq. Suraxanı rayonunda orta məktəbi bitirmişəm. Orda da iyirmi il idi dərzi kimi fəaliyyət göstərirdim. Torpaqlarımız işğaldan azad edildikdən sonra yenidən Cəbrayıla qayıtmışam, öz istəyimlə.
Füzuli sakini, Elşad Əliyev:
-Yenidən Füzuli rayonuna qayıtmışıq. Burda Məşğulluq tərəfindən yeni avadanlıqla təmin olunmuşam. Doğma vətənə yenidən qayıtdığıma, burda fəaliyyət göstərdiyimə görə çox sevinirəm.
Laçın sakini, Bayram Qasımov:
-Mən 43 ildir ki, dülgər işi ilə məşğulam, 6-cı dərəcəli dülgərəm. Bura gələndən Məşğulluğa müraciət elədim, bu gün isə bütün avadanlıqlar verilib.
Aktivlər təqdim edilən sakinlərlə görüş olub. Onlarla yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarına dair fikir mübadiləsi aparılıb. Proqram istifadəçiləri onlara göstərilən dəstəyə görə, Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar Məşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
Şuşa sakini, Səbinə Məmmədova:
-Şuşa şəhərinə yenidən qayıtmamışdan qabaq Bakıda “Gözəllik salonu”nda işləyirdim.Vizaj, dırnaq ustası kimi. Şuşa şhərinə köçdükdən sonra istədim ki, işimi burda da davam etdirim. Məşğulluğa müraciət elədim, çox sağ olsunlar, bizi təlimlərə qoşdular və bu gün də avadanlıqlarımız gəlib, çox sevinirik buna görə. Avadanlığımızı əldə etdikdən sonra da inşallah, yeni tikilən binaların alt qatında obyektlərimizi götürərik. Fəaliyyətimi bundan sonra daha da genişləndirəcəyəm.
Şuşa sakini, Vəsilə Ələkbərova:
-Bakıda 16-17 il dərziliklə məşğul olmuşam. Amma əlimdə olan avadanlıqla geniş fəaliyyət göstərə bilmirdim. Şuşaya yenidən qayıdandan sonra Məşğulluğa müraciət elədim. Bu gün məni avadanlıqla təmin ediblər. Mən işimi daha da genişləndirmək istəyirəm.
DMA-nın İdarə Heyəti sədrinin müavini, Ülvi Abbasquliyev:
-Hazırda təxminən Böyük Qayıdış proqramı çərçivəsində səkkiz yüzədək keçmiş məcburi köçkünlə iş aparılmışdır vip proqramı çərçivəsində. Onların proqrama cəlb olunması ilə bağlı. Onlardan 400-dən artıq şəxs istehsal xidməti üzrə və 300-dən artıq şəxs isə kənd təsərrüfatı istiqaməti üzrə özünəməşğulluq proqramına cəlb edilməsi tədbirləri həyata keçirilib.
Eyni zamanda qeyd etmək istərdim ki, Böyük Qayıdış proqramı çərçivəsində özünəməşğulluq proqramı üzrə təxminən 300-dən çox şəxs artıq müxtəlif istiqamətlər üzrə əmlaklarla təmin edilmişdir və hal-hazırda 148 keçmiş məcburi köçkünlərlə onların özünəməşğulluq proqramına cəlb olunması ilə bağlı işlər aparılır.
Qeyd edək ki, Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.
Tahirə AĞAMİRZƏ