Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Aydın Nəriman oğlu Əliyevin doğum günüdür. O, 9 yanvar 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Tovuz rayonundandır. Ailədə bir qardaş, bir bacı olmaqla iki övlad olublar. Orta ixtisas təhsilliydi. 1998-ci ildə Sumqayıt şəhər 9 saylı məktəbin birinci sinfinə daxil olub. Tam orta təhsili isə Sumqayıt şəhər 4 saylı Texniki Peşə litseyində elektrik peşəsinə yiyələnməklə başa vurub. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2011-2019-ci illərdə müxtəlif vaxtlarda avtomobil serviz mərkəzində rəngsaz, tikinti sahəsində usta kimi fəaliyyət göstərib.
2019-ci ilin iyul ayından Karbamid zavodunun Əmtəə və anbar sahəsində yükləyici işləyirdi.
Azərbaycan Ordusunun əsgəri olan Aydın Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə vuruşub. Şuşa uğrunda gedən döyüşlərdə qolundan ağır yaralanıb, noyabrın 7-də Bakı şəhərində hərbi hospitalda əməliyyat olunub, koma vəziyyətində qalıb və həkimlərin səyinə baxmayaraq 27 noyabr 2020-ci ildə şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla Sumqayıtda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdlik və igidlik göstərdiyinə görə Aydın Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Aydın ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb. Ailəsinə çox bağlı bir insan idi. Yaşının az olmasına baxmayaraq həyatda cox şeylər görmüşdü. Hələ kiçik yaşlarında əmisi Əliyev Telman Salman oğlu və dayısı Tağıyev Saleh Şahniyar oğlu l Qarabağ müharibəsində şəhid olmuşdu. Bu onun xatirəsində daim canlanır və deyərdi ki, vaxt gələcək onların qanını düşmənlərdən alacam. Bəli, bu belə də oldu. Son dəfə yaralı halda zəng edəndə də "Əmimin və dayımın qisasını aldım", - dedi.
Aydının saza–sözə, şeir yazmağa çox həvəsi vardı. Boş vaxtlarında avtomobilində aşıq mahnılarına qulaq asardı...
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD