Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin-amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasıdır. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanır. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan hücum, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranması ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edir. Nazirlik ölkəmizdə mülki müdafiə sisteminin yaradılmasına böyük diqqət göstərir. Bu məqsədlə Mülki Müdafiə Qoşunlarının balansındakı binalarda, bu sahədə ixtisaslaşan hərbi hissələrdə dünya standartlarında əsaslı təmir və yenidənqurma işləri aparılır. Məhz bunun nəticəsində nazirliyin fövqəladə hallarda cavab tədbirlərinin görülməsində, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, hadisələrə çevik və operativ reaksiya verilməsində göstərdiyi səylər xarici tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətini uğurla davam etdirir. Ötən illərdə nazirlik fövqəladə hallarla mübarizə sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.
Azərbaycan dövləti fövqəladə halların idarə olunmasında maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının daha da artırılması, fövqəladə hallara dair məlumat mübadiləsinin aparılması, eləcə də beynəlxalq təcrübədə qazanılmasında nailiyyətlərin ölkəmizdə tətbiq edilməsində maraqlıdır. Bu istiqamətdə FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə sıx əməkdaşlığı davam etdirir. Bu baxımdan 2013-cü ildə Təşkilatın təşəbbüsü və FHN-in təşkilatçılığı ilə Qəbələdə keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda beynəlxalq konfransı qeyd etmək olar. Bundan başqa, FHN Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarda yüksək səviyyədə təmsil olunub.
Hazırladı: Mina RƏŞİD