Azərbaycan xalqı bu məsələdə də tarixi ədalətin bərpa olunacağına ümid edir
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli açıqlamasında bildirib ki, Təpəbaşı məhəlləsindəki şəhər mühiti mədəni landşaft, əlbəttə, pozulmuşdur. Çünki 1988-ci ildən sonra orda yaşayan bizim yerli əhalimiz deportasiya olunmuşdu və həmin insanların o mühitdə yer almaq imkanları məhdudlaşdırılmışdı. Düşünürəm ki, bu cür Faktaraşdırıcı missiya bunları da ortaya çıxaracaqdır. O evlərin hamısının sahibləri var. Bu sahiblər oraya qayıtmalıdırlar. XVI əsrə, XVII, XVIII əsrə, hər dövrə aid orda bizim irs nümunələrimiz var. Bişmiş kərpicdən, gəc məhlulundan, çiy kərpicdən, daş materialından unikal əsərlər var. Bu əsərlərin ümumdünya isri kimi qorunması üçün YUNESKO addım atmalıdır.
Azərbaycan Vətəndaş Cəmiyyəti təmsilçiləri YUNESKO-nun baş direktoru Odre Azuleyə yenidən açıq məktub ünvanlayıblar. YUNESKO-nun məsələyə təcili müdaxiləsinin zəruri olduğunu vurğulayıblar.
Birliyin sədri əlavə edib ki, Azərbaycanın bu məsələdəki israrı haqq işidir və düşünürəm ki, Faktaraşdırıcı missiya oradakı Azərbayan xalqının tarixi irsini ortaya çıxaracaq. Çünki orda çoxlu sayda arxeoloji qalıqlar, epiqrafik nümunələr, memarlıq əsərləri, hələ indiki görüntüsüylə Azərbaycan xalqına məxsus olduğu açıq-aşkar görünür. Amma orda tədqiqatlar aparılandan sonra, orada yerində monitorinqlər olandan sonra hələ bizim bilmədiyimiz, çünki biz də hər şeyi tam bilmirik. Girişimiz məhduddur. Kənardan əldə etdiyimiz video-materialdan, ermənilərin özlərinin paylaşdığı fotolardan, videolardan və ora gedən turstlərin paylaşdığı məlumatlardan bunları görürük. Amma hər halda, bu missiyanın tərkibində Azərbaycandan da alimlər olacaqdır və olması da vacibdir. Çünki əks halda bu, obyektiv ola bilməz.
Ermənistanın mədəni abidələrimizə qarşı həyata keçirdiyi dağıdıcı siyasətin miqyası çox böyükdür. Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi, Qaraqoyunlu, Dərələyəz və digər bölgələrdə Azərbaycan mədəni irsi məhv edilib və mənimsənilib. Azərbaycan xalqı bu məsələdə də tarixi ədalətin bərpa olunacağına ümid edir.
Tahirə AĞAMİRZƏ