16.12.2024, 15:35
AZ EN
16.12.2024, 10:21 220

Bu gün şəhid Qurban Mehdizadənin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Qurban Aydın oğlu Mehdizadənin doğum günüdür.

O, 16 dekabr 1996-cı ildə Ağstafa rayonunun Göycəli kəndində anadan olub. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərib, sonra yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılıb. Kursları başa vuran Qurban Mehdizadə 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissələrindən birində, "çavuş" rütbəsində Vətənə xidmətə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Qurban Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 30-da döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qurban Mehdizadə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şəhidimizin atası söyləyir ki, ermənilərin təxribatı başlayanda Qurban ən yüksək postda - Murov yüksəkliyində idi. Onun taboru ermənilərin bir neçə postunu ələ keçirmişdi. Qurban son damla qanına qədər vuruşub. Gülləsi qurtaranda düşmənlə əlbəyaxa olub. Bu zaman snayperlə vurulub...

Anası deyir ki, oğlu ilə hər danışanda o, Kəlbəcərin azad ediləcəyi günün uzaqda olmadığını söyləyirdi. Oğlum çox vətənpərvər idi. Murovda xidmət etdiyinə görə fəxr edirdi. Deyirdi ki, axşam olanda oradan bütün Azərbaycan görünür. Hər gün zəng edərdi. Axırıncı dəfə sentyabrın 26-da danışdıq. Ancaq müharibə haqqında heç nə demədi. Arzuları çox idi. Evləndirmək istəyirdim. Həmişə deyirdi, yarımçıq işlərim var, gözlə bir ilim qalıb...

Sentyabrın 28-də qeyri-bərabər döyüşdə Qurban 21 nəfərlik dəstə ilə 80-dən çox erməni silahlısına qarşı döyüşüb. İki gün davam edən və ermənilərin xeyli itki verdiyi döyüşdə bir addım da geri çəkilməyib. Qurban sentyabrın 30-da döyüşdə qəhrəmancasına şəhid olub.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər