Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Vüqar Tumarxan oğlu Mövlanovun doğum günüdür. O, 11 dekabr 1994-cü ildə Lerik rayonunun Günəşli kəndində anadan olub. 2000-2011-ci illərdə Lerik rayon Günəşli kənd tam orta məktəbində təhsil alıb. Vüqar Mövlanov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmətini başa vurduqdan sonra 2 il mühafizə polisi olaraq çalışıb.
Azərbaycan Ordusunun əsgəri olan Vüqar Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Vüqar Mövlanov 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Lerik rayonunun Günəşli kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüqar Mövlanov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD