09.06.2025, 06:26
AZ EN
02.12.2024, 12:00 309

Bu gün Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür

XƏBƏRLƏR
  • 2 dekabr - Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür. Bu tarix Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında konvensiyanı qəbul etməsi ilə bağlıdır. Bu gün ilk dəfə 1949-cu ildə qeyd olunub.

Köləlik bəşər tarixinin ən böyük utanclarından biridir. Təəssüf ki, köləlik qədim dövrlərdən başlayaraq əsrlərlə davam edib. Dünyanın bir çox yerində yaşanan köləlik, Yeni Dünyanın kəşf edilməsi ilə fərqli bir məcraya keçib. Afrika qitəsindən milyonlarla insan qeyri-insani üsullarla Amerikaya qul kimi aparılıb.

Qədim dövrlərdə insanların yalnız öz həyatlarını təmin etmək üçün istehsalla məşğul olduqları zaman köləlik yox idi. Zaman keçdikcə insanlar istehlak edə bildiklərindən daha çox istehsal etməyə başladılar. Köləlik hərbi əsirlərin istehsalatda istifadə etmək üçün işləməyə başladığı zaman yarandı.

İslamdan əvvəl Ərəbistanda və dünyada quldarlıq geniş yayılmışdı. O zamanlar azad insanın malı sayılan və heç bir hüququ olmayan qadınlara “cariyə”, kişilərə isə “qul” deyilirdi. İnsanların cariyələrə və qullara baxışı, onlara verdiyi hüquqlar və davranış tərzi bölgələrə görə fərqlənirdi.

Köləliyin tamamilə ləğvi bir çox iqtisadi və sosial problemlərə səbəb ola bilərdi. Buna görə də İslam əvvəlcə qulların həyat səviyyəsini yaxşılaşdırmağı, sonra isə onlara öz iradəsi ilə çalışaraq və əvəzini ödəməklə azad olmağı hədəfləyən bəzi hüquqlar verdi. Vaxt keçdikcə müxtəlif qaydalar müəyyən edildi, eyni zamanda quldarlığın tamamilə ləğvi üçün tədbirlər görüldü.

Köləliyin ləğvi ideyası ilk olaraq Böyük Britaniya, Kanada, Fransa və Rusiya kimi ölkələrdə təsdiqlənib. Beynəlxalq Anti-Köləlik Təşkilatı (Anti-Slavery International) 1839-cu ildə Böyük Britaniyada yaradılıb. Birləşmiş Ştatlarda köləliyin ləğvi mahiyyətcə köləliyi günahlandırmaq və sosial düşüncəni ona qarşı çevirməkdən ibarət idi. Hələ 1830-cu illərdə köləliyə qarşı cərəyan şimal ştatlarında genişmiqyaslı xarakter almışdı. 1859-cu ildə isə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğvi üçün üsyan başlandı. ABŞ-da 1861-1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra qanuni köləlik ləğv edildi. Köləliyin ləğv edilməsində ABŞ-nin 16-cı prezidenti Abraham Linkolnun mühüm rolu olmuşdu.

Köləliyin qadağan edilməsi ilə bağlı ilk qanunlar 19-cu əsrin birinci rübündə İngiltərə və ABŞ-da qəbul edildi, sonra digər Avropa dövlətləri də buna əməl etdilər. İngiltərədən sonra 1857-ci ildə Osmanlı İmperiyası köləliyi ləğv edən ilk ölkə oldu.

1926-cı ildə Millətlər Liqası bütün dünyada köləliyi qadağan etdi və daha sonra Birləşmiş Millətlər Təşkilatı bu müddəanı təsdiqlədi.

Köləlik dünyanın bütün cəmiyyətlərində və müxtəlif formalarda mövcud olub. Tarix boyu köləliyin ən böyük nümunəsi isə 400 ildən çox davam edən və milyonlarla afrikalının əsir götürülərək Amerika, Karib dənizinə aparıldığı “Transatlantik qul ticarəti” sayılır.

19-cu əsrdə dünyanın əksər ölkələrində köləlik ləğv edildi. Bununla belə, bəzi ölkələrdə köləlik 20-ci əsrə qədər davam etdi. Dünyada köləliyin rəsmi olaraq ləğv edildiyi sonuncu ölkə isə Mavritaniyadır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər