31.07.2025, 07:47
AZ EN
14.04.2023, 09:00 334

Bu gün şəhid Elton Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri şəhid Elton Ramil oğlu Məmmədovun doğum günüdür. O, 2000-ci il aprelin 14-də Bərdə rayonunda anadan olub. Əslən Ağdam rayonundandır. 2006-cı ildə burada 47 nömrəli peşə məktəbində məcburi köçkünlər üçün açılmış məktəbdə 1-ci sinfə gedib və 5 il təhsil  alıb. Daha sonra ailəsi ilə Yevlax rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçüb. Burada Ağdam 23 nömrəli orta məktəbə daxil olub və 2017-ci ildə bitirib. 2018-2019-cu illərdə Naxçıvanda N saylı hərbi hissədə qulluq edib. 2019-cu ildə öz istəyi ilə Mingəçevir şəhərində hərbi hissədə müddətdən artıq qulluq etməyə başlayıb.  

Azərbaycan Ordusunun əsgəri Elton Məmmədov 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Cəbhədə həm tibbi personalda, həm də, döyüş meydanında xidmətləri olan mərd əsgər Elton Məmmədov 2020-ci il oktyabrın 10-da Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalıb.

Şəhidimiz Yevlax şəhərində Şəhidlər Xiyabanında böyük izdiham və məhəbbətlə torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məmmədov Elton Ramil oğlu "Vətən uğrunda" və “Suqovuşanın azad edilməsi uğrunda” medalları ilə təltif edilib.
Elton 20 yaşında Şanlı Zəfər Tariximizə qanıyla öz imzasını ataraq gənc ömrünü Vətənə bağışlayıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Elton balamız!  

Mina RƏŞİD

Oxşar xəbərlər