22.12.2024, 22:50
AZ EN
25.11.2024, 11:00 347

Mənim oğlum şəhid oldu...

XƏBƏRLƏR
  • Nurlanın atası Rəfail Zeynalov Birinci Qarabağ Müharibəsinin qazisidir. O, həmişə atasıyla söhbət edəndə deyirdi ki, vaxt gələcək biz torpaqları geri alacağıq. İndi atası onunla fəxr etdiyini söyləyir. Deyir, onun kimi oğullara can qurban! “Bu gün Ali Baş Komandanımız düzgün siyasəti, yaratdığı ordu ilə bütün dünyaya göstərdi ki, Azərbaycan güclüdür, düşməni məhv elədi. Xalqımızın gözü aydın olsun, bütün şəhid valideynlərinə təşəkkür edirəm, başları sağ olsun”.

Anası deyir ki, Nurlan qərar verəndə heç vaxt səhv etməzdi. Valideynlərini çox sevərdi, böyük-kiçik yeri bilən idi. “Torpaqlarımız alınmayana qədər rahat olmaram”, - deyirdi. Mənim oğlum şəhid oldu… Nurlanın gözünün ağı-qarası bircə balası var idi. İşdən yorğun gəlsə də həmişə onunla birgə olardı. Deyirdi ki, aldığım hər nəfəs Nuraydı. Dünyalar qədər sevdiyi balasını Vətənə əmanət etdi...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi leytenant Nurlan Rəfail oğlu Zeynalovun doğum günüdür. O, 25 noyabr 1989-cu ildə Sabirabad rayonunda doğulub. Orta təhsilini 1996-2007-ci illərdə M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbində alan Nurlan,  məktəbi əla qiymətlərlə başa vuraraq elə həmin ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olur. 2011-ci ildə Universitetin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsini bitirib. Oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb.

Hərbi xidmətə çağırıldığı gün onun həyatının ən gözəl günlərindən biri olur. Çünki o hərbçi peşəsini çox sevirdi. Hər kəsə də eyni sözü deyərmiş: "Nə olur olsun, mən əsgərliyə gedəcəyəm. Əgər bir problem çıxsa, məni aparmasalar, qaçıb gedəcəyəm". Beləcə fəxrlə, qürurla vətən borcunu yerinə yetirmək üçün yola düşür. Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə, Quru Qoşunlarında xidmət etməyə başladıqdan az sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində 4-5 ay müddətində xüsusi təlimlərdə iştirak etmək üçün göndərilir. Bu təlimləri uğurla başa vuran Nurlan Zeynalov leytenant rütbəsinə yiyələnərək yenidən xidmət etdiyi hərbi hissəyə dönür. Atası Rəfail kişi, anası Kəmalə xanım (rəsmi adı Məleykə) deyirlər ki, leytenant rütbəsi alanda Nurlanın sevincinin həddi-hüdudu yoxmuş. Onlara zəng edərək "məni təbrik edin, mən artıq leytenantam", - deyir. İki il müddətində Vətənə qüsursuz xidmət edən leytenant Zeynalov 2013-cü ildə ordu sıralarından tərxis olunaraq yaşadığı Sabirabad rayonuna qayıdır.

2014-2017-cü illərdə regional ASAN xidmət mərkəzində Notariat kontorunda aparıcı mütəxəssis kimi işə başlayan gənc oğlan burada gələcək həyat yoldaşı Kübra xanımla tanış olaraq ailə qurur. 2017-ci ilin may ayından 2019-cu ilədək isə özəl şirkətlərin birində Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışır. 2019-cu ilin iyun ayında atasının da əməkdaşı olduğu Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda Kadrlar şöbəsinin rəisi kimi işə başlayır. 

Azərbaycan Ordusunun leytenantı olan Nurlan Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Nurlan Zeynalov noyabrın 9-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla dogma Sabirabad şəhərində dəfn olunub.

 Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nurlan Zeynalov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", “Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər