Hay ver mənə, cənab leytenant
Hay ver mənə, leytenant…
Xoş müjdəli bir savaşdan
Pay ver mənə, leytenant…
Baş leytenant Mətləb Cəfərov da Şanlı Vətən Müharibəsinə bütün həmvətənlərinə Zəfər sevinci kimi böyük bir müjdə, müqəddəs bir pay verməyə yollanmışdı. O, cəbhəyə üz tutarkən doğmalarla görüşdü, bacısını qucaqladı. Bacısı çox təsirləndi, ağladı. “Narahat olma, Qələbə bizim olacaq, Siz fəxr edəcəksiniz ki, bizim belə qardaşlarımız var”, dedi, Mətləb. Doğrudan da, bu gün nəinki Mətləbin doğmaları, bütün Azərbaycan onun kimi oğullarla fəxr edir, adıyla-amalıyla qürur duyurlar….
Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, baş leytenant Mətləb Məhəmməd oğlu Cəfərovun doğum günüdür. O, 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olub. 9-cu sinfə qədər Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbində təhsil alıb, 2 il sonra Bakı şəhərindəki liseylərdən birində orta təhsilini başa vurub. Sonra o Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ali təhsil alıb. Mətləb Cəfərov məzun olduqdan sonra "leytenant" rütbəsi ilə hərbi xidmət qulluqçusu olub və xidmətini ehtiyatda olan zabit kimi və "baş leytenant" rütbəsi ilə başa vurub.
Mətləb İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq orduya yazılıb. Adına çağırış gəlmədikdə bir daha rayon komissarlığına müraciət edib və təkidlə döyüşə getmək istədiyini bildirib. Nəhayət, oktyabrın 16-sı ailə üzvləri ilə halallaşaraq cəbhəyə yollanıb, qızğın döyüşlərin iştirakçısı olub, şücaətlər göstərib.
Baş leytenant Mətləb Cəfərov noyabr ayının 2-də Qubadlı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. 18 gün koma vəziyyətində qalan igid döyüşçü noyabrın 20-si, yəni doğum günündən bir gün sonra şəhadətə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mətləb Cəfərov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", “Füzulinin azad olunmasına görə" və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD