18.10.2024, 11:50
AZ EN
07.03.2024, 11:16 279

Bu uşaqlara 120 manat ödəniş ediləcək

XƏBƏRLƏR
  • "Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının uşaqlarına müavinətin verilməsidir. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır.

"Bu müavinət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir. Qeyd edək ki, bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımdan vacib olsa da aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyildir.

Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edilməlidir". Bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov mətbuata açıqlamasında bildirib. Müavinətin yalnız Azərbaycan vətəndaşlarına şamil edilmədiyini diqqətə çatdıran deputat vurğulayıb ki, eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər:

"Müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyildir. Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var.

Bir mühüm məqamda ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni, bu müvinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki 3 il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər",- deyə V.Bayramov bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər