Samir imanlı bir gənc idi, Qurani-Kərimi oxuyub öyrənmişdi. İdmanla məşğul olurdu. 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırlıb və Gəncə şəhəri "N" saylı hərbi hissəyə yola salınıb. Oradan da Qazax rayonu Qala postuna göndərilib. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra evlərinə qayıdıb. Ailəsinə kömək etmək məqsədi ilə bir çox işlərlə məşğul olub və sonra Rusiyaya işləməyə yollanıb. Bir müddətdən sonra vətənə qayıdıb.
O, 2016-cı ildə könüllü olaraq yenidən hərbi xidmətə getmiş və MAXE kimi Xüsusi Təyinatlı Kəşfiyyatçı olaraq Vətənə xidmətə başlamışdır. Samir nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman, tərifnamə və təşəkkürnamələrlə təltif olunmuşdur.
Samir Hüseynov 2020-ci il 27 sentyabrda başlanan Vətən mühribəsində fəal iştirak edərək, Zəngilan, Füzuli, Qubadlı, Xocavənd, Cəbrayıl və Şuşa istiqamətlərində gedən şiddətli döyüşlərdə şücaətlər göstərib.
Döyüş yoldaşlarının dediklərinə görə Samir çox cəsarətli, gözünü qırpmadan irəliyə doğru gedən bir döyüşçü olmuşdur. Getdiyi bütün yerlərdə "Talış balası" yazdığından dostları tərəfindən “Talış balası” kimi çağırılırdı. Eyni zamanda "Qəssab" ləqəbiylə də tanınmışdı. 8 noyabr 2020-ci ildə Şuşada atəşkəsə bir neçə saat qalmış düşmənə sarsıdıcı zərbələr endirərək onun xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn qəhrəman Hüseynov Samir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz doğma kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Samir Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və III dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin "Füzulinin azad olunmasına görə", “Vətən uğrunda”, “Şuşanın azad olmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə də təltif edildi.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəmn şəhidim!
Mina RƏŞİD