“Vətən səsi” xəbər verir ki, müraciətdə işğaldan azad edilmiş, hazırda bərpa və quruculuq işlərinin davam etdiyi yurdumuza qayıdış, həmin ərazilərdə firəvan həyat naminə qarşılıqlı fəaliyyətdən bəhs olunur. Müraciətdə deyilir: “Hörmətli Kəlbəcər sakinləri, şəhid ailələri, qazi qardaşlarım, veteranlar və ziyalılar!
Artıq bir aydan çoxdur ki, millət vəkili kimi fəaliyyət göstərirəm. Bu müddət millət vəkilinin fəaliyyətinə müsbət və ya mənfi qiymət vermək çox azdır və qərəzli ola bilər. Millət vəkili xalqla dövlət arasında bir körpü rolunu oynayır. Təbliğat kampaniyası zamanı seçicilərimlə görüşərkən qeyd edirdim ki, səlahiyyətlərim çərçivəsində əlimdən gələni əsirgəməyəcəyəm. Bu gün də həmin vədimə sadiqəm.
Millət vəkili olaraq, vətəndaş müraciətlərinə yüksək diqqətlə yanaşıram. Lakin son bir ay ərzində göndərilən müraciətlərin təxminən 20-25 faizi bəzi səbəblərdən mənə çatmayıb və onları cavablandıra bilməmişəm. Gələcəkdə bu cür halların baş verməməsi üçün əlavə tədbirlər görüləcək. Bu səbəbdən indiyədək mənə göndərilmiş və ünvanıma çatmayan müraciətlərinizi yenidən göndərməyinizi xahiş edirəm (Əlaqə nömrəsi: +99499 309 11 31).
Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərin əhalisi Birinci Qarabağ müharibəsindən sonra 50-dən çox rayon və şəhərdə məskunlaşıb. Təbii ki, beş il ərzində on minlərlə seçicinin qapısını açmaq zaman baxımından mümkün deyil, çünki seçicilər bir rayonda cəmləşməyib. Şəhid ailələrini isə zamana görə tədricən ziyarət edəcəyəm. Fəaliyyətim yalnız vətəndaşlarla deyil, həm də həftədə iki dəfə Milli Məclisdə plenar və komitə iclaslarında, digər tədbirlərdə iştirakla da bağlıdır. Düşünürəm ki, bu müraciətim sizlərdə qərəz yaratmayacaq və verdiyim sözə sadiq qalacağıma inam formalaşdıracaq”.
Millət vəkili müraciətinin sonunda kəlbəcərlilərin sıx məskunlaşdığı Gəncə şəhərində bütün şəhid ailələri və qazilərin iştirakı ilə ümumi görüş keçirmək istədiyini də qeyd edib. Mircəlil Qasımlı gələn ay, 5-10 dekabr aralığında keçirilməsi planlaşdırılan görüşdə rayonun rəhbər şəxslərinin də iştirakını məqsədəuyğun hesab edir: “Bu addımla problemlərin həllini zaman baxımından qısalda biləcəyimizi düşünürəm. Əlavə sual və təkliflərinizi göndərə, bilərsiniz. Millət vəkili kimi hər zaman yanınızda olacağam. Sizlər də mənə dəstək olun ki, şəhidlərimizin qanı və Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti bahasına işğaldan azad edilmiş Kəlbəcərimizi qoruyaq və əhalimiz razı qalsın. Cənab Prezidentimizin hər zaman qeyd etdiyi kimi, bizlər sizin xidmətçilərinizik. İşini layiqincə icra etməyən və əhalinin rifahı ilə maraqlanmayan məmurlar dövlətimiz tərəfindən mütləq layiqli qiymətini alacaq”.
Elxan SALAHOV