22.11.2024, 17:58
AZ EN
30.08.2022, 12:31 401

Zahid Oruc: İnsanların itkin düşmüş yaxınlarının taleyini, başına gətirilənləri bilməyə haqqı var

XƏBƏRLƏR
  • Müharibələrin böyük itkilərinə baxmayaraq, onların aparılmasının beynəlxalq hüquqi normaları var. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri, 21-ci əsrin savaşlarında dünyada yeganə qələbə modelini, həm də hərbi əməliyyatların aparılmasının humanitar hüquq, yüksək siyasi əxlaq, hərbi şərəf və ləyaqət prinsiplərini nümayiş etdirdi. Təcavüzkar ölkənin mülki əhalisinə və silahlı qüvvələrinə münasibətdə bütün konvensiyalara əməl olundu.

Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc söyləyib.

O əlavə edib ki, müharibələrin çoxsaylı fəlakətləri sırasında insanların itkin və əsir düşməsi, təkcə doğmalarına qüssə və əzab vermir, həm də düşmən tərəfindən müxtəlif siyasi təzyiqlər, şərtlər və diktələrə gətirib çıxarır. Halbuki insanların itkin düşmüş yaxınlarının taleyini, başına gətirilənləri bilməyə haqqı var.

“Xatırladaq ki, 1945-1993-cü illər arasında dünyada 174 müharibə baş verib və onlardan 34 faizi dövlətlər, 66 faizi isə daxildə vətəndaş qrupları arasında törədilib. Əgər Birinci Dünya müharibəsində həlak olan mülki əhalinin döyüşçülərə nisbəti - hər 7 döyüşçüyə 1 mülki şəxs düşürdüsə, 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində baş verən hərbi münaqişələrdə 9 mülki şəxslə müqayisədə 1 döyüşçü öldürülür. Göründüyü kimi, münaqişələrin humanitar mahiyyəti dəyişib və indi itkin düşənlərin əksəriyyəti döyüşçülər yox, mülki insanlardır. Həqiqətən də itkinlər və hərbi cinayətlər problemi müharibələrin ən böyük mirasıdır",- deyə Zahid Oruc vurğulayıb.

O əlavə edib ki, Balkanlardakı son savaşda onların sayı 40 mindən çox olub: “Bu təkcə demoqrafik deyil, mənəvi, fiziki iztirabdır, iqtisadi fəlakətdir, çünki müharibədən əziyyət çəkən ölkələrə ayrı-seçkiliklə yardım göstərilir. Lakin kimsə itkin düşən və itirilmiş insanların maddi dəyərini hesablaya bilməz, eləcə də əgər bir adam tapılırsa, onun axtarışının neçəyə başa gəldiyini və doğmaları üçün qiymətini göstərməkdə acizdir. Azərbaycanın verdiyi itkinlərə, qurbanlara biganə qalanlar, problemin həllini təxirə salanlar, onu siyasiləşdirənlər heç olmasa indi, dünyanın təhlükəsizliyini təhdid edən Rusiya-Ukrayna müharibəsini görəndən sonra Qarabağı yada salmalıdırlar. Dünyada sabitliyin və təhlükəsizliyin şərti budur. Yalnız onda bizim bölgədən öyrənilən dərsləri başqa yerlərə köçürə bilərlər. Əks halda, çoxları qurbanlıq sindromundan əziyyət çəkəcəklər”.

Oxşar xəbərlər