Qəzetdə ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalovanın “Heydər Əliyevin Qərbi Azərbaycana qayıdış siyasəti qan yaddaşımızdan keçir”, Filologiya fakültəsinin dekanı Könül Həsənovanın “Həsən Mirzə yaradıcılığında etnonimlər”, Müasir Azərbaycan dili kafedrasının professoru İbrahim Bayramovun “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”, Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndi icmasının sədri professor Fərrux Rüstəmovun “Göyçə mahalının Gil kəndində aşıq mühiti”, dosent Həmzə Əliyevin “Qərbi Azərbaycan şivələrində “yaşayan” tariximiz” və digər yazılar yer alıb.
Qəzetin ilk nömrəsində baş redaktorun oxuculara müraciətində qeyd olunur ki, Qarabağ işğaldan azad olunduqdan sonra Azərbaycan xalqı qarşısında yeni hədəf müəyyənləşdirib: “Qərbi Azərbaycana qayıdış! Bu yolda bizim informasiya ruporlarına, sosial şəbəkə seqmentlərinə, jurnallara, saytlara və qəzetlərə ehtiyacımız var. “Yurdun səsi” də bu zərurətdən yaranıb. Zəngin tarixə, əsrarəngiz gözəlliyə malik Qərbi Azərbaycanın gənc nəslə tanıdılması və sevdirilməsi qarşımıza qoyduğumuz hədəflərdən biridir.
Gənclər işğala qarşı sona qədər məğrurcasına vuruşan İrəvan xanını tanımalı, onu sevməlidir. Bunun üçün biz qəzet platformasından istifadə etməyi vacib sayırıq. “Yurdun səsi” gənc nəsillə birbaşa təmas və birgə layihələr keçirməyi effektiv hesab edir.
Qarşımızda yüz illərlə saxta tarix aşılanmış, mifoloji arzularla yaşayan riyakar bir etnik qrup var, bizim şərti olaraq erməni adlandırdığımız haylar. Eyni zamanda xristian güc mərkəzlərinin Türk dünyasının bütövlüyünü pozmağa yönəlmiş xristian buffer zolağı yaradılması layihəsinin gerçəkləşməsi fonunda süni şəkildə yaradılmış Ermənistan “dövləti”. Bu “dövlət” birmənalı şəkildə tarixi Azərbaycan torpaqlarında yaradılıb. Biz öz tarixi torpaqlarımıza qayıtmaq istəyirik. Biz bunu necə gerçəkləşdirəcəyik? Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi biz topla, tüfənglə deyil, öz elmimiz, zəkamız və yurdsevərliyimizlə Qərbi Azərbaycana qayıdacağıq. Biz buna inanırıq! “Yurdun səsi” - bu ad təsadüfən seçilməyib. Bu səs qəriblikdə qalan yurdumuz Qərbi Azərbaycanın səsidir, Öz doğma yurdumuzun səsidir”. (AZƏRTAC)